Azərbaycan.media xəbər verir ki, jurnalist Əminə Yusifqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” – Həsən bəy Zərdabi yubiley medalı ilə təltif olunub.
Əminə Yusifqızı bu mükafatı jurnalistikaya uzun illər ərzində göstərdiyi xidmətlərə verilən yüksək dəyər kimi qiymətləndirib. O bildirib ki, yubiley medalının çoxsaylı mükafatlar siyahısına əlavə olunması onun üçün xüsusi qürur mənbəyidir. Jurnalist bu təltifin, mətbuatda 1976-cı ildən əmək fəaliyyətinə başladığı və uzun illər baş redaktoru olduğu Yevlax rayonunun “Kür” qəzetinin əməyinə verilən qiymət olduğunu vurğulayıb.
Əminə Yusifqızı Azərbaycan mətbuatına və onun əməkdaşlarına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, bu mükafatın Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi fəaliyyətinə yeni stimul verəcəyini və peşə fəaliyyətini daha böyük həvəslə davam etdirəcəyini qeyd edib.
Qeyd edək ki, “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ölkədə mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin əməyinə verilən ali dəyərin göstəricisidir.
Mənbə: Azərbaycan.media
