🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çində Bohay yatağında neft-qaz hasilatı rekord həddə çatdı

Azərbaycan.media xəbər verir ki, Çinin Milli Dəniz Neft-Qaz Korporasiyası (CNOOC) 2025-ci ildə Bohay yatağında hasilat üzrə rekord göstəriciyə nail olub. Belə ki, neft ekvivalenti ilə ümumilikdə 40 milyon ton neft və qaz hasil edilib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, əldə olunan nəticə Çinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı sosial-iqtisadi inkişafa mühüm töhfə verib.

Korporasiyanın nümayəndəsinin sözlərinə görə, hasilat göstəricilərinin artması “Kenli 10-2” və “Boçjun 26-6” yataqları da daxil olmaqla bir sıra əsas obyektlərin səmərəli istismarı ilə bağlıdır. Eyni zamanda, rəqəmsal transformasiya prosesi sürətləndirilib, intellektual texnologiyaların tətbiqi genişləndirilib.

Qeyd edək ki, Sarı dənizin şimalında, eyniadlı körfəzdə yerləşən Bohay yatağı Çinin ən böyük dəniz neft-qaz hövzəsi hesab olunur. Bu ərazidə 60-dan çox hasilat zonası və təxminən 200 istehsal obyekti fəaliyyət göstərir. İndiyədək yataqda ümumi hasilat həcmi 600 milyon tonu ötüb.