🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Amnistiya aktı çərçivəsində 5 min məhbus azadlığa buraxılacaq, 15 min nəfərin cəzası azaldılacaq

Azərbaycan.media xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə Milli Məclisin qəbul etdiyi Amnistiya aktı çərçivəsində 5 min məhbusun azadlığa buraxılması nəzərdə tutulur.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, amnistiya aktı daha 15 min nəfərin cəzasının azaldılmasını da əhatə edir:

“Bəzilərinin cəzasının bir hissəsi, bəzilərinin isə yarıya qədər azaldılacaq. Biz də buna paralel olaraq bu gün əfv fərmanının verilməsi ilə bağlı Prezidentə müraciət ünvanladıq”.

Qeyd edək ki, Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya aktını qəbul edib. Qəbul edilən sənəd ümumilikdə 20 min məhbusa şamil olunacaq.

Xatırladaq ki, ötən gün Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı da Qaynarinfo-ya açıqlamasında Amnistiya aktı ilə yanaşı Əfv fərmanının da verilməsi üçün Prezidentə müraciət ediləcəyini bildirmişdi.

Onun sözlərinə görə, insan hüquqları müdafiəçiləri tərəfindən siyahılar tərtib edilsə də, amnistiyanın həmin şəxslərin hamısına şamil olunmayacağı ehtimalı var və bu səbəbdən amnistiya ilə paralel olaraq əfv fərmanının verilməsi məqsədəuyğun hesab olunur.