Azərbaycan.media xəbər verir ki, Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəyə biləcəklər.
Bu barədə paytaxtın ictimai nəqliyyatında istifadə olunan “BakıKart” sisteminin operatoru K Group MMC məlumat verib. Paralel olaraq, “BakıKart” kartı, “BirBank” və “M10” QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.
İlkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib. Sistem real istismar şəraitində sınaqdan keçirilir və test mərhələsi uğurla yekunlaşdığı təqdirdə, yaxın günlərdə digər “BakuBus” marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə genişləndirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ ödəniş üsullarından istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə bu il noyabrın 1-dən ödəyə bilirlər.
