🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Qədir Rüstəmovun 90 İllik Yubileyi Beynəlxalq Muğam Mərkəzində Anılıb

Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Qədir Rüstəmovun 90 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Tədbirdə xanəndənin repertuarında əsas yer tutan “Qarabağın maralı”, “Apardı sellər Saranı”, “Laçın”, “Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər” kimi mahnı və muğam parçalarına xüsusi diqqət yetirilib. Onun səsi və ifa tərzi tədbir iştirakçıları tərəfindən “Allah vergisi”, “qeybdən gələn səs” və “Ağdam yarasının məlhəmi” kimi qiymətləndirilib.

Gecənin aparıcısı, yazıçı və Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli xanəndənin böyüdüyü mühit, sənətdə atdığı addımlar və bənzərsiz istedadı barədə geniş məlumat verib.

Xatirə gecəsində çıxış edən Milli Məclisin deputatı və yazıçı Aqil Abbas, jurnalist Fəxrəddin Hacıbəyli, yazıçı Seyran Səxavət və digər sənətkarlar Qədir Rüstəmovla bağlı xatirələrini bölüşüblər. Əməkdar incəsənət xadimi Çingiz Abbasov və tarzən Aydın Mehrəliyev onun sənətinin ecazkarlığını, Qarabağın ən gözəl və fərqli səslərindən biri olduğunu vurğulayıblar.

Gecədə xanəndənin ifasından parçalar səsləndirilib, videoçarxlar nümayiş olunub. Əməkdar artistlər və muğam müsabiqəsinin qalibləri onun repertuarında yer alan mahnıları və muğamları ifa ediblər. Əməkdar artist Azad Şükürov isə Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirib.

Siseronun sözləri xatırladılıb: “Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir”. Xalq artisti Qədir Rüstəmovun həyatı isə təkcə övladlarının, nəvələrinin və onu sevənlərin həyatı ilə deyil, həm də onun ifa etdiyi gözəl mahnılar və muğamlarla davam edir.