🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hərbi ekspert: “Hərbi xidmət müddətinin azaldılması artıq real mexanizmə çevrilir”

Azərbaycan.media xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanda hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrin ictimai mərhələni geridə qoyduğunu və real mexanizmə çevrilmək üzrə olduğunu açıqlayıb.

Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı məsələlərə yenidən baxmaq qaçılmaz idi:

“Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var. Hərbi xidmət müddəti azaldılmalıdır”, – deyə Üzeyir Cəfərov vurğulayıb.

O əlavə edib ki, qardaş Türkiyənin təcrübəsindən istifadə və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir:

“Alternativ xidmət haqqında qanunun qəbulu həm Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir, həm də zərurətdir. Hərbi xidmətlə həyatını bağlamaq istəyənlər onsuz da bu sahədə qalırlar. Digər sahələrə – elmə, mədəniyyətə və ya fərqli istiqamətlərə üstünlük verən insanlar isə özlərini orada reallaşdırmalıdırlar.”

Üzeyir Cəfərov qeyd edib ki, hərbi xidmət müddətinin azaldılması artıq ictimai sifarişdir və məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə olunur:

“İctimaiyyətdən gələn tələb var və deputatlar bunu Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsində müzakirə edirlər. Təbii ki, plenar iclasa çıxarılması üçün qoşun birləşmələrinin, güc strukturlarının, ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Bu real mexanizmə çevriləcək.”

Ekspert əlavə edib ki, regionda və dünyada baş verən proseslər hərbi xidmət modelinə yenidən baxılmasını zəruri edir:

“Mövcud təhlükəsizlik mühiti hərbi xidmət müddətinin azaldılmasını zəruri edir. Sadəcə, hərbi xidmətin digər komponentləri elə qurulmalıdır ki, gələcəkdə regionda baş verə biləcək hadisələr ordunun hazırlığına mənfi təsir göstərməsin.”