🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ Qəzzanın bərpası üçün “Şəfəq layihəsi” adlı plan hazırlayıb

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza sektorunun bərpası ilə bağlı təklif hazırlayıblar.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, “Şəfəq layihəsi” (“Project Sunrise”) bombalanmış anklavın müasir və inkişaf etmiş metropoliyaya çevrilməsini hədəfləyir. ABŞ tərəfinin hesablamalarına görə, layihənin həyata keçirilməsi üçün 10 il müddət və 112,1 milyard dollar maliyyə vəsaiti tələb olunur.

Plana əsasən, Qəzzanın bərpasının hansı ölkə və şirkətlər tərəfindən maliyyələşdiriləcəyi, eləcə də yenidənqurma dövründə 2 milyon fələstinlinin harada məskunlaşacağı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

WSJ yazır ki, Vaşinqton bu layihədə əsas oyunçu olmağa, 60 milyard dollar həcmində qrant ayrılmasını dəstəkləməyə və bütün işlərin aparılması üçün kreditlərə zəmanət verməyə hazırdır. Planlaşdırılır ki, 10 ildən sonra Qəzza sektoru bərpa prosesinin növbəti mərhələlərini özü maliyyələşdirə bilsin və nəticədə kreditlərin qaytarılmasına başlasın.

ABŞ-nin adı açıqlanmayan rəsmisi qəzetə bildirib ki, təklif artıq Körfəz ölkələrinin zəngin krallıqları, Türkiyə və Misir də daxil olmaqla, potensial donor dövlətlərə təqdim edilib.

Məlumata görə, Stiv Uitkoff, Cared Kuşner və digər rəsmilər son 45 gün ərzində plan üzərində işləyib, İsraillə, eləcə də özəl sektor nümayəndələri və podratçılarla məsləhətləşmələr aparıblar. Qəzetin yazdığına görə, ABŞ administrasiyasının bəzi üzvləri layihəyə skeptik yanaşır, HƏMAS-ın silahı yerə qoymağa hazır olub-olmamasını və Vaşinqtonun digər ölkələri müharibədən sonrakı riskli zonaya investisiya yatırmağa razı salmaq imkanlarını şübhə altına alırlar.