Azərbaycan.media xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Prezident Şavkat Mirziyoyev dövlət başçısını səmimi-qəlbdən təbrik edərək ona ən xoş arzularını çatdırıb. Özbəkistan Prezidenti İlham Əliyevi Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrün görkəmli dövlət xadimi və beynəlxalq aləmdə yüksək nüfuza malik böyük siyasətçi kimi xarakterizə edib.
Məktubda qeyd olunub ki, Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, ölkənin beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib. Şavkat Mirziyoyev bu nailiyyətlərin dost və qardaş Özbəkistan xalqını da sevindirdiyini vurğulayıb.
Özbəkistan Prezidenti İlham Əliyevin irəli sürdüyü mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək gördüyünü xüsusi qeyd edib. O, iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsində Azərbaycan Prezidentinin böyük xidmətlərini yüksək qiymətləndirib və qardaşlıq əlaqələrinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini bildirib.
Məktubun sonunda Şavkat Mirziyoyev Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, dövlətçilik fəaliyyətində yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıb.
