🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xüsusi notariusların fəaliyyəti 5 ildən bir qiymətləndirilir – Nazirlikdən açıqlama

Azərbaycan.media xəbər verir ki, “Notariat haqqında” qanuna əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir. Müddət başa çatdıqda notariusun fəaliyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qiymətləndirilir.

Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, fəaliyyəti müsbət qiymətləndirilən notariusların şəhadətnaməsinin müddəti daha beş il uzadılır, müddəti uzadılmayan şəxslərin isə xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.

Məlumata görə, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş müsabiqə çərçivəsində bu il noyabrın 14-də test imtahanı keçirilib. Hazırda test mərhələsindən uğurla keçmiş namizədlərlə fərdi qaydada müsahibələr aparılır.

Müsahibələrin nəticələrinə əsasən uğur qazanan namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar. Təlimin yekun qiymətləndirməsindən müvəffəqiyyətlə keçən şəxslərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə veriləcək, hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatı və həmin ofislərin fəaliyyətinin bərpa olunması məsələsinə baxılacaq.

Nazirliyin məlumatına əsasən, hazırda Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ümumilikdə 156 notarius fəaliyyət göstərir.