Azərbaycan.media xəbər verir ki, dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN Məktub” sosial proqramının fəaliyyətinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
ASAN könüllülərinin, sosial qayğıya ehtiyacı olan uşaqların və digər qonaqların qatıldığı tədbir “ASAN xidmət” və “Bilim Bakı” mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, eləcə də dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycan intellektual məhsulları 30-dan çox ölkəyə ixrac olunur.
Leyla Əliyeva “ASAN Məktub” ağacında yerləşdirilən məktublardan birini öhdəliyə götürüb. Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq zamanı vurğulanıb ki, əsas məqsəd dövlət xidmətlərini hər kəs üçün daha rahat, innovativ və əlçatan şəkildə təqdim etməkdir.
“Bilim Bakı” mərkəzinin fəaliyyəti barədə məlumat verilərkən qeyd olunub ki, mərkəz 6–14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahələrində bilik və bacarıqlarının inkişafına yönəlib.
Tədbirin rəsmi hissəsi “ASAN Məktub” sosial proqramının 10 illik fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2015-ci ildən icra olunan proqram çərçivəsində bu günədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun uşaqların arzuları gerçəkləşdirilib.
Qonaqlara, həmçinin “Bir qəlbi də sən isit” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində dekabr ayı ərzində vətəndaşların dəstəyi ilə 3–14 yaşarası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının həyata keçirildiyi, indiyədək 2 500-dən çox uşağın sevindirildiyi bildirilib.
Tədbir çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı üzrə musiqi və rəqs nümunələri nümayiş etdirilib. Leyla Əliyeva “ASAN Məktub”, “Yaşıl ASAN” və “ABAD” stendlərinə də baxış keçirib.
Tədbir Dövlət Agentliyinin həyətində təşkil olunan ağacəkmə aksiyası ilə davam edib. Sonda 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrinin və Sosial Xidmət Mərkəzlərinin uşaqlarına müxtəlif hədiyyələr təqdim olunub.
