Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 162,4 milyon ABŞ dolları olan yerli məhsul tədarük edib.
Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, illik müqayisədə Azərbaycan qonşu ölkənin məhsullarının idxalını 25,8% artırıb.
Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,4% paya sahib olub və qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yerdə qərarlaşıb.
Yanvar-noyabrda Gürcüstandan ümumilikdə 6,62 milyard ABŞ dolları dəyərində yerli məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% artım deməkdir. Yerli məhsulun ümumi ixracdakı payı 45,3% təşkil edib.
Qonşu ölkədən ən çox ixrac edilən yerli məhsullar arasında qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, qoz-fındıq, mineral gübrələr, qızıl, mis filizləri və konsentratları yer alıb.
