Azərbaycan.media xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Dayaq” mükafatına layiq görülüb. Mükafat şirkətə “Əlillik məhdudiyyət deyil” nominasiyası üzrə təqdim olunub.
“Araz” əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsinə yönəlmiş fəaliyyəti, inklüzivliyi dəstəkləyən və bərabər imkanlara əsaslanan korporativ yanaşması ilə seçildiyi üçün bu mükafata layiq görülüb.
2025-ci ildə təqdim olunan “Dayaq” mükafatı biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmət istehsal edən, aktiv investisiya fəaliyyəti ilə fərqlənən, həmçinin məşğulluğun təmin edilməsinə töhfə verən şirkətlərə verilib.
Qeyd olunur ki, KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi sahibkarların uğurlarını cəmiyyətə tanıtmaq, biznes düşüncə tərzini təşviq etmək və dövlət-özəl sektor əməkdaşlığını gücləndirməkdir. Mükafat, həmçinin dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaradılan dəyəri vurğulayır.
