🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Elnarə Akimova: “Deputat seçicisinin yanında olsa belə bəs edər”- Müsahibə

Elnarə Akimova: “Deputat seçicisinin yanında olsa belə bəs edər”

Ədəbiyyat adamının Milli Məclisdə deputat kimi təmsil olunması, ədəbiyyatın və ümumən mədəniyyətin qanunvericilik səviyyəsində təmsilçisinin olması deməkdir. Çünki həmin deputatın parlamentdə ədəbiyyatla, onun problemləri ilə bağlı təkliflər irəli sürməsi illərdir yaranan, yığılıb qalan ədəbi məsələlərin dövlət tribunasına daşınması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu həm elmi düşüncənin, həm də milli-mənəvi dəyərlərin qərarvermə prosesinə daxil olmasının bariz və müsbət nümunəsidir.

Milli Məclisdə təmsil olunan ədəbiyyat adamlarından biri Elnarə Akimovadır. O, filologiya elmləri doktoru, ədəbiyyatşünas və ədəbi tənqidçidir.

Modern.az saytı Elnarə Akimova ilə parlament fəaliyyəti, mədəniyyət siyasəti və müasir ədəbiyyat mövzusunda həmsöhbət olub. Onunla müsahibəni təqdim edir:

– Deputat seçilməklə siyasətə gəlmiş oldunuz. Siyasi proseslərdə iştirak etmək ədəbiyyatın içində yetişən biri üçün yorucu deyil?

– Deputat seçilməzdən üç il əvvəl YAP İdarə Heyətinin üzvü kimi artıq siyasi arenada idim. Düzdür, bu cür sistemli, davamlı şəkildə çalışmırdım, amma siyasi-ideoloji yöndə fəaliyyət göstərirdim. Əlbəttə ki, deputat olaraq missiya və işlər artıq başqadır, sistemli və çoxyönlüdür. Millət vəkili olmaq daha dinamik, daha çevik və diqqətli həyat tərzi tələb edir. Həm psixoloji, həm də fiziki baxımdan buna öyrəşmişəm, hətta deyim ki, artıq zövq almağa başlayıram. Nə qədər yorulsam da, dincəlmək üçün bir gün bəs edir. Hər yüksəliş bir sınaqdır əslində. Sınaqlardan çıxa-çıxa möhkəmlənirik.

– Parlamentdə təmsil olunmağınızla həm də, bir növ, məmur həyatı yaşayırsınız. Ədəbiyyat adamının belə bir həyatı yaşaması necə bir hissdir?

– Məncə, məmurlaşmamışam.

– Sizcə, deputat-ədəbiyyatçı olmaq riskdir, yoxsa üstünlük?

– İnsan özü olanda ona heç nə çətin olmur. Öz xarakterin, çəkin, səviyyən, dünyagörüşün və arxanda istinad etdiyin intellektual bazan varsa, heç kimi imitasiya etmirsənsə, hansısa riskdən söhbət gedə bilməz. Sadəcə burada daha ölçülü-biçili davranmalısan. Aydın və dürüst ideoloji mövqeyin olmalıdır. Düzdür, mənim ideoloji mövqeyim həmişə dürüst olub, buna baxmayaraq, artıq yeni və fərqli dəyərlər sisteminin içində olduğumu dərk edirəm. Dərk etdiyim üçün də riskli olduğunu düşünmürəm. Əksinə, daha əmin şəkildə təmsil olunduğum parlamentdə ədəbiyyatın dəyərlərinin keşiyində ayıq-sayıq dayana bilirəm, ədəbiyyatın trubunasına çevrilə bilirəm. Çıxışlarım zamanı da əsasən mədəniyyət kontekstini çevrələyən məsələlərə hədəflənirəm. Düşünürəm ki, bu sahədə hələ həllini gözləyən məsələlər var və millət vəkili olaraq onları aktuallandırmaq həm də mənim borcumdur.

– Uzun müddət Milli Məclisdə təmsil olunan deputatlarla işləmək, onlara adaptasiya olmaq çətin olmadı?

– Qətiyyən. Bu bir az da yəqin xarakter məsələsidir. Xarakterimə uyumlu olan şəxslərlə rahat ünsiyyət qurub söhbətləşə bilirəm. Həm də onların arasında əvvəldən səmimi münasibətdə olduqlarım var. YAP İdarə Heyətinin iclaslarında daim bir araya gəlirdik. Amma o başqa məsələ ki, ədəbiyyat, sənət ruhu, bilgisi olanlarla söhbətim daha yaxşı tutur. Kənardan necə görünür bilmirəm, amma o çatının altında – içində ədəbiyyat ruhu daşıyan çox adam var. Mənəvi təlabatamı deyək, bədii yaradıcılığa meyilmi? Bütün hallarda bu, yaxşı haldır.

– Hansı deputatların kitabını oxumusunuz?

– Əksəriyyəti yeni kitablarını mənə təqdim edib. Hikmət Babaoğlu, Tahir Rzayev, Aqil Abbas, Fazil Mustafa. Tənqidçi olduğuma görə əvvəldən Aqil Abbası oxumuşam, hətta “Dolu” romanından belə yazmışdım əsər yenicə çap olunanda. İnşaallah, vaxt tapdıqca hamısını oxuyacam.

– Ədəbi tənqidçi kimi əsərlərinə rəy yazmağınızı istəyirlər?

– Yəqin ki… Amma bütün hallarda meyarlarım dəyişməzdir. Mətn özü haqda danışmağa, söz deməyə rəvac verəcəksə, nəsə yaza bilərəm. Əks halda, alınmır məndə.

– Milli Məclisin əvvəlki çağırışlarında da ədəbiyyat adamları təmsil olunub – Anar, Elçin, Sabir Rüstəmxanlı, Nizami Cəfərov və başqaları. Siz həmin deputatların fəaliyyətini yaxından izləyirdiniz?

– O zaman mənə bəlkə onların ədəbiyyatçı tərəfi daha öndə görünən olub deyə parlament fəaliyyətlərini çox izləməmişəm. Həm də mənə elə gəlir parlamentdə təmsil olunan deputatların fəaliyyəti son illərdə daha qabarıq şəkildə üzə çıxıb. Əvvəl fəaliyyətləri o qədər də sərgilənmirdi. Sosial şəbəkədə bu qədər aktiv deyildilər, yaxud media və mətbuatla bu qədər sıx bağlılıq yox idi. Bircə şey dəqiqdir ki, ədəbiyyatdan millət vəkili seçilənlərin heç biri artıq-əksik işi ilə tanınmayıb, hamısı layiqincə xidmətini edib. Görünür ki, sözün tərbiyə elədiyi, sözün içində olan insanlar hara getsələr də, o söz onların içindədir deyə, çəkilərini saxlayırlar. Ta sovet dövründən tutmuş indiki günlərə qədər söz adamları nə qədər yüksəliblərsə, öz nüfuzlarını xalq üçün qoruyub saxlayıblar, dövlətə ziyan gələn heç nəyin altında imzaları olmayıb.

 

 

– Bəs sizcə, deputat kimi həmin şəxslərdən hansı ədəbiyyata daha çox töhfə verə bildi?

– Adını çəkdiyiniz insanların hər biri ədəbiyyatımız üçün parlamentdə mümkün olan qədər çalışdı.

– Hazırda da Milli Məclisdə mədəniyyət adamları var – Elçin Mirzəbəyli rejissor və aktyorluq sənətində təhsil alıb, Novruz Aslanın bəstələri bütün ölkədə dinlənilir, Ülviyyə Həmzəyeva rəssamdır, Polad Bülbüloğlu, Rafael Hüseynov… və başqaları. İndi mədəniyyət sahəsində olan deputatlar bu sahəyə necə töhfə verir?

– Hər biri fərdi şəkildə yaradıcılıqlarını mümkün olduğu qədər davam etdirirlər. Biz Mədəniyyət komitəsində hələ ki geniş şəkildə iclaslar etməmişik. Mədəniyyətə dair hamımızı narahat edən məsələlər var. Tarixi abidələrlə bağlı bir dəfə ictimai dinləmə oldu. Orada mənimlə bərabər digər deputatlar bir çox məsələlərə vurğu etdik. Bu yaxınlarda Azərbaycan dilinə həsr olunmuş çox əhəmiyyətli bir konfrans keçirildi ki, orda da çox vacib məsələlərə toxunuldu. Büdcə müzakirələri ilə bağlı istər komitə iclaslarında, istərsə də plenar iclaslarda mədəniyyətimizlə bağlı müxtəlif problemlərə yeri gəldikcə toxunuruq. Ümid edirəm ki, gələn ilin əvvəli dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinin iştirakı ilə ictimai dinləmə də baş tutar. Çünki bu yöndə fikrimiz, təkliflərimiz və narazılıqlarımız var.

– Ədəbi camiənin qanunverici orqanda səsi olmaq çətindirmi?

– Mən özümü belə bir məsuliyyətlə yükləmək istəmirəm. Sadəcə, ədəbiyyatın içindən gəlmişəm deyə, onun qayğıları, istəkləri mənə məlumdur. İmkan olduğu təqdirdə onları dilə gətirməyi özümə borc bilirəm.

– Sizcə, hazırda mədəniyyət sahəsində ən böyük problem nədir?

– İnsanların bu sahəyə məxsus gözləntiləri var. Ötən il büdcə məsələsində yazıçı və şairlərə verilən qonorarlardan verginin tutulmaması məsələsini qaldırdım. Çünki yaradıcı adam əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Yaxud kitabxanaların bağlanması məsələsi mənə narahat edirdi, bunu komitə iclasında müzakirə predmetinə çevirdim. Biz yeni islahatlar dalğasına keçirik, bu, çox yaxşıdır, zəruridir. Amma əvvəl yaxşı olan yenini yaradaq, sonra köhnəni vurub yıxaq, sıradan çıxardaq. Dağıtmaq asandır, amma daha yaxşısını yaratmalısan ki, köhnədən imtina edəsən. Həm də ordan maaş alan, evinə ruzi, çörək aparıb balalarını dolandıran insanların taleyi necə olsun bəs? Deyirlər ki, kənd kitabxanalarına az uşaq gəlir. Bütün dövrlərdə kəndlərdə kitabxanalara, məktəblərə az uşaq gəlib. Amma bizim Seyid Əzim Şirvanilərimiz, Abbas Səhhətlərimiz, Mirzə Ələkbər Sabirlərimiz məgər həmin o 2-3 uşağın içindən çıxıb millətin qürur yerinə çevrilməyi bacarmayıblar? Digər tərəfdən, axı bu, bizim mədəniyyətimizdir, tariximizdir. Kitabxanalara, tarixi abidələrə yaddaş faktı kimi baxmaq lazımdır. Baxın, möhtərəm Prezidentimiz İlham Əliyev Qarabağa qayıdışı necə layihələrlə gerçəkləşdirir. Həm də tarixi, dini abidələri qurmaqla, bərpa etməklə qaytarır o yurd yerlərini. Çünki yaxşı bilir ki, bütün dönüşlərin icrasında yaddaş və tarix həmişə iştirak edir. İndi zəfərdən sonra qarşımızda özümüzə, ilkinliyimizə qayıtmaq, ruhumuzun şah damarını qoruyub yaşatmaq, milli kimliyimizi daha da yetkinləşdirmək vəzifəsi durur və burası şəksizdir ki, biz ilk növbədə tarixi yaddaşımızın sayıqlığına, itiliyinə arxalanmaqla həmin ali mis­siyanı reallaşdıra bilərik. Amma yalnız elmi-nəzəri-metodoloji cəhəti yox, həm də mənəvi-əxlaqi cəhəti nəzərdə tutmaq bacarığı bizim kökə, yaddaşa olan münasibəti duruldacaq, onun milli çalar və ovqat kəsb etməsinə gətirib çıxaracaqdır. Yaspersin yaxşı bir sözü var, deyir ki, dəyərə çevrilən hər şey zamana, dəyərsiz hər şey zamansızlığa qarışır. Bu mənada, düşünürəm ki, dəyərləri qorumaq mənim ziyalı olaraq missiyamdır.

Son büdcə müzakirəsində maliyyə naziri Sahil Babayevə müraciət edib Milli Kitab Mükafatının təsis olunması ilə bağlı təkliflər vermişdim. Sevindirici haldır ki, həmin məsələ artıq öz həllini tapmaq üzrədir. Bu, ədəbi mühit üçün böyük hadisədir və inanaq ki, ədəbi mühitdə yaxşı bir hərəkətlənmə, dinamika yaradacaq, gözəl motivasiyaya mənbəyinə çevriləcəkdir.

 

 

– Milli Kitab Mükafatından söz düşmüşkən, sosial mediada bir qisim adam yazırdı ki, Azərbaycanda 50 min manat mükafata layiq əsər yazacaq müəllif yoxdur…

– Bu lap fransız maarifçisi Volterin məşhur ifadəsini yadımıza salır: Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi. Yəni, elə bir əsər olmasaydı belə, onu yazmaq lazım gələcək. Amma əlbəttə ki, yaxşı əsərlər var, yazılıb. Burda önəmli olan artıq yaradıcılığın stimullaşması üçün müəyyən mexanizmlərin mövcudluğudur, ədəbiyyata göstərilən etimaddır.  
Uzun müddətdir ki, bizdə belə mükafatlar sıradan çıxmışdı. Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatı vardı əvvəllər. Hər sahə üzrə bir, yaxud iki nəfərə mükafat verilirdi. Burada əsas məsələ həm də qalib olan əsərin düzgün dəyərləndirilməsidir. Müsabiqə o zaman siqlətli bir hərəkata çevriləcək ki, onun nüfuzu layiqincə qorunacaq. Bu nüfuzu kim qoruyacaq? Təşkilat komitəsi, münsiflər heyəti, onların ədalətliyi, obyektivliyi, peşəkarlığı və prinsipiallığı. Bu amillərdən biri istisna olarsa, nəticə soldakı sıfır qədər mənasız qalacaq. Yəni burada çox incə, çox önəmli kriteriyalar işləməlidir. Görün, necə böyük rezonans doğurdu bu xəbər, coşğu və sevinc hissi yazarlara gözəl bir motivasiya verdi. Bu inamı qorumaq müsabiqənin gedişindən asılı olacaq. İnanıram ki, məsələnin məsuliyyətini işin içində olan hər kəs dərk edəcək. Digər məqam, bu mükafatın hədəfi yalnız ölkə daxilində dəyərləndirmə ilə bitmir, qalib olan müəllifin ən son halda dünyada tanıdılması kimi perspektiv imkanı çevrələyir ki, biz daim elə bu məqama israrlı olmuşuq.

– Dünya təcrübəsi göstərir ki, bu cür mükafatlar yaşından, cinsindən aslı olmayaraq sadəcə bir nəfərə verilir. Amma müzakirə başlayandan bəri yaşlılar da, gənclər də bildirir ki, mükafatın verilməsində yaş aralığı olsun.

– Bu artıq nəsillərin antaqonizmidir. Mükafat olmasa belə, yaşlı və gənc nəsil müəyyən məsələlərdə üz-üzə dayanırlar. Bəzən bu gizli, bəzən aşkar şəkildə olur. Yaşlılar düşünür ki, zaman gənclərindir, onların yazı tərzi daha dinamikdir, dünya bədii təcrübəsinə, müasir mətn prinsiplərinə daha çevik yiyələnə bilirlər, ona görə də onların əsərlərinin daha üstün olacağını, onlarla ayaqlaşa bilməyəcəklərini düşünürlər. Gənclərin də qorxusu odur ki, yaşlılar artıq müəyyən qədər nüfuz sahibidirlər. Adlarını müəyyən qədər prosesə yeridiblər, ətraflarında onları daha çox tanıyan insanlar ki, dəyərləndirmədə bu nüfuzun irəli keçməsi ehtimalı gəncləri narahat edir. Amma dediyim kimi, seçim bütün hallarda müəllif deyil, mətn olacaqsa, belə nigaranlıqlara əsas qalmayacaq.

– Bəs əsərin tanıdılmasında ədəbi tənqidin rolu nə qədərdir?

– Məncə, əsas rolu oynayır. Tənqidsiz ədəbi proses bütövlükdən, daxili dinamikadan məhrum, süst bir orqanizmi xatırladır. Düzdür, bədii düşüncə tənqidi yanaşmadan kənarda da özünü doğrulda bilər, öz həqiqi inkişafını yaşaya bilər, amma bir mətn tənqidi təhlilə gətirilməsə, geniş tənqidi düşüncənin predmeti olmasa, onun prosesə yeriməsi bir qədər çətin olur, tanınmır. Məsələn, Mövlud Süleymanlı sovet dövründə böyük səs-küyə səbəb olan “Dəyirman” povestini yazdı və onun ətrafında böyük səs-küy yarandı. Yaxud Anarın “Beşmərtəbəli binanın altıncı mərtəbəsi” əsəri. Elçinin “Ölüm hökmü” romanı. Sonra müstəqillik illərində ədəbi tənqidin müzakirə etdiyi romanlar – Kamal Abdullanın “Yarımçıq əlyazma”, Pərvizin “Yad dildə”, Orxan Fikrətoğlunun “Ölü mətn”, İlqar Fəhminin “Bakı tarixindən kollaj”, Seymur Baycanın “Quqark”, Aqil Abbasın “Dolu”, Əlabbasın “Qaraqovaq çölləri, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Şərif Ağayarın “Haramı” romanı və s. Bu romanların hər birinin ətrafında yaxşı bir müzakirə dalğası yaranmışdı. Bu gün tənqidin esse janrı daha funksionaldır. Yaxşı tənqidçi təfəkkürə malik şəxslər var, amma tənqid ədəbiyyatımızın kollektiv zəkası kimi üzdə deyil. Bir məqamı da qeyd edim, bu gün ədəbi tənqiddə yeni imzalara az halda təsadüf olunur. Gənclər, demək olar ki, artıq bu sahəyə axın etmirlər. Əlbəttə, tənqidçi olmaq çətindir, cari ədəbi prosesi oxuyub, izləmək, dəyərləndirmək çətin prosesdir. Məmmədcəfər Cəfərov deyirdi ki, tənqid  ədəbiyyata məhəbbətin adıdır. Ancaq ruhunda böyük ədəbiyyat sevdası daşıyanlar bu sahəyə tab gətirib qala bilərlər.

 


– Bəs hazırkı dövrdə Azərbaycan ədəbiyyatında sizi ən çox narahat edən meyil hansıdır?

– Mən 90-cı illərdə yazmışdım ki, bizim ədəbiyyatımız Şərqlə Qərb arasında qalıb və heç bir vəchlə özünü tapa bilmir. Əlbəttə ki, müəyyən mərkəzdənqaçma meyilləri indi də var. Amma həm də düşünürəm ki, o zaman üçün bu, təbii proses idi. Biz keçid dövründən çıxan nəsil idik. SSRİ dövründə “izm”lərə, cərəyanlara qapalı idik. 1990-cı illərdə artıq ədəbiyyatımıza modernist, postmodernist meyillər ayaq açmağa başladı. Sanki hamı Prustvari, itirilmiş zamanın axtarışına çıxdı. Bədii düşüncə yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına daxil oldu, keçmiş postsovet məkanı ölkələrinin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Düzdür, 70-80-ci illərdən başlayaraq, müəyyən modernist dalğaların çəkilib-qabarmalarla təzahürü bizdə də olmuşdu. Həm də yalnız ədəbiyyat sahəsi üçün deyil, ümumən mədəniyyətin bütün sferaları üçün səciyyəvi idi. Rəssamlıqda Səttar Bəhlulzadənin rəsmlərində, məsələn, “Kəpəzin göz yaşları” tablosunda ehtiva olunan altqatlığı, rənglərin bətninə çökən, daxilinə hopdurulan dərinlik ideyaları, ağrı simvolikasını virtual olaraq hiss eləmək çətin olmurdu. Musiqidə Qara Qarayevin çoxqatlı musiqisi – “Üçüncü simfoniya”, “Skripka ilə orkestr üçün konsert”də əsəbi notlar arxasından axıb-gələn dərin bəşəri kədərin səsi aydın eşidilirdi. Yaxud teatr sahəsində Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrının tamam özgə məzmun, mündəricə arayan, tamaşaçını yepyeni dünya ilə üzbəüz qoyan estetikası əslində, ənənəvi teatr baxışlarını dəyişməyə, yeniləşdirməyə yönəlmiş bir missiya idi və palimpsest olan fəaliyyətində məhz yenilikçi missiyanı realizə edirdi. Müstəqillik dönəmindən başlayaraq isə bu tendensiya daha dinamik şəkil aldı. Dünya elmi-nəzəri fikrinin qabarıq meyillərinə maraq, mətn texnologiyasının müasir prinsiplərinə yiyələnmək cəhdləri aparıcı oldu. Burada problem onda yarandı ki, bəzən özgəyə ifrat aludəlik, ultramodern yeniliklərə canatım peşəkar mətn anlayışının önünə keçdi. Bu, əlbəttə ki, geniş söhbətin mövzusudur. Məncə, bu gün də bir çox əsər var ki, onların uğurlu mətn kimi ərsəyə gəlməsinə mane olan elə bu məqamlardır. Ümid edək ki, xüsusilə gənclərin özlərinə çıxışı daha tez baş verər və onların dünya ədəbiyyatı ilə irtibatı da baş tutar.

– Ümumiyyətlə, Azərbaycan yazıçısı dünyaya çıxmaq barədə düşünür?

– Bu barədə uzun müddətdir ki, düşünürlər. Müxtəlif sorğularda, müsahibələrdə bu mövzulara, demək olar ki, hər dəfə toxunulur. Azərbaycandakı problem bu istiqamətdə uyğun tərcümə mühitinin, sistemli fəaliyyətin olmamasıdır. Yəni Azərbaycan yazıçılarının dünyaya çıxmamağına səbəb, əsərlərin zəifliyi yox, çıxmaq metodlarının olmamasıdır. Bizdə Tərcümə Mərkəzi yaradıldı. Təəssüf ki, bu yöndə sistemli işlər meydana qoyulmadı. Türkiyədə bir TEDA layihəsi var. Mədəniyyət və Turizm Nazirliyinin türk mədəniyyət, sənət və ədəbiyyat əsərlərinin xaricə çıxışına, yayılmasına dəstək layihəsidir. 20 ildir ki, fəaliyyət göstərərək xarici oxuculara Türkiyənin mədəni və ədəbi irsini öz dillərində oxumaq imkanı verir. Bununla da türk yazarların əsərlərinin beynəlxalq kitab bazarlarında görünməsi dəstəklənir. Belə bir analoji layihə bizdə gerçəkləşsə, Azərbaycanın mədəni sərvətinin, ədəbi  mətnlərinin dünya çapında dövriyyəsini təmin etmək mümkün olar.

– Siz də qeyd etdiniz ki, Azərbaycan ədəbiyyatı Şərqlə-Qərb arasında qalıb. Dünya ədəbiyyatına baxdıqda isə demək olar ki, hər bir ölkənin ədəbiyyatında vahid məzmun xətti var. Sizcə, Azərbaycan ədəbiyyatında bu ana xətt nə olmalıdır?

– Bu yaxınlarda Əli Zərbəlinin bir tənqidi məqaləsini oxudum. O da gənc yazardı və məqaləsində əsas həmyaşıdlarını tənqid edirdi ki, biz niyə mətndə yeni prinsiplərə, yeni mətn texnologiyalara yiyələnə bilmirik. Müəyyən qədər haqlı idi. Amma məsələ həm də necədir?  Məsələn, bu gün gənclərin ard-arda yaxşı hekayələri dərc olunur. Yaxınlarda Orxan Cuvarlının “Musson küləkləri” hekayəsini oxudum və məni çox çəkdi, onun haqqında yazdım da. Hekayə çap olunan kimi əksər ədəbiyyatçılar yaxşı reaksiya verdi bu mətnə. Mən fikirləşirəm, bu mətn yeni idimi? Yox, sadəcə insan tənhalığını çox uğurlu bir məzmun və dillə mətnləşirməyi bacarmışdı müəllif. Axı hər yeni olan mütləq uğurlu mətn olaraq hasilə gəlmir. Ədəbiyyatın bir meyarı insan ağrısı, insan həqiqətini verə bilməkdir.  Bu gün ədəbiyyatımız bu ağrını verən yaxşı mətnlər meydana qoyur. Amma bir az məfkurəvi xətt zəifdir. Vətən mövzusuna həssaslığımızı artırmalıyıq.

– Ədəbiyyatımızda qadın yazarlar özlərini göstərə bilirlər?

– Əlbəttə. Bu gün hər kəs öz sözü, içi ilə görünə bilir. Bunun üçün sosial şəbəkələr, sayt bolluğu, ədəbi orqanlarda çap imkanları var qadınların. Fərqli nəfəs kimi görünməklərini deyirsinizsə, bu, bizdə 1990-cı illərdən sonra bir tendensiya kimi qabarmışdı. Müəyyən imzalar oldu ki, özləri ilə feminen dalğanı gətirmiş oldular. Nərmin Kamal, Sevinc Elsevər, Günel Mövlud və digərləri şeirlərində qadın dünyasının, qadın yaşamının ekzistensiyasını yaratdılar, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə onun mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxartdılar. Azərbaycan qadını istər poeziyada, istərsə də nəsrdə öz daxili dünyası ilə baş-başa qaldı. Təsəvvür edin, sovet dövründə daim əzilən qadın obrazları birdən-birə milli mentalitet standartlarından imtina etdi, köhnə dəyərlərin məqbul saydığı, ənənəvi əxlaqla motivləşən cəmiyyət qanunlarına üsyana qalxdı. Sevinc Elsevər “qadınlığıyla barışanları heç sevmədim” dedi, Günel Mövlud “mən qürbətdə anladım, vətən qadınları necə mənasızdır” yazdı, Nərmin Kamal öz taleyinə görə yalnız cəmiyyəti deyil, hətta Tanrını sorğulayan mətnlər meydana qoydu və s. Bu gün ədəbiyyatımızda artıq sabitləşmiş qadın təmayülü var ki, çox uğurlu imzaları ehtiva edir özündə. Həm qadın yaşamının ekzistensiyasını yaradırlar, həm də yeni dil və estetik səviyyə sərgiləyirlər mətnlərində.

– Bir neçə gənc yazarın da adını çəkdiniz. Xüsusi ilə oxuduğunuz, sevdiyiniz və tənqid etdiyiniz gənc yazarlardan kimlərin adını çəkə bilərsiniz?

– Ən son nəsil gənc yazarlardan Orxan Cuvarlı, Orxan Həsəni, Nadir Yalçın, Vüqar Vanı deyə bilərəm. Ülvi Bahadırın zəngin dünyagörüşü, səviyyəsi var. Orxan Saffari özünü mənasız revanşist tənqidlərə xərcləməsə,  yaxşı nasir kimi yetişə bilər.

– Ədəbi camiənin sosial media hesablarını izləyirsiniz? Özlərini bu platformalarda göstərə bilirlər? Burada fərqli üslubu ilə sizin diqqətinizi kimlər çəkib?

– Aqşin Yeniseyin, Qismətin səhifəsi maarifçi yönü ilə seçilir. Vasif Ayanın incəsənətlə bağlı paylaşımları unikaldır. Şərif Ağayarın “Söz analizi” layihəsi çox maraqlıdır. Mətanət Vahidin ədəbiyyatla bağlı kiçik videoçəkilişləri əhəmiyyətlidir. Rasim Qaracanın, Fərid Hüseynin, Hədiyyə Şəfaqətin, Cavi Danın ədəbiyyatla bağlı yanaşmaları diqqətimi həmişə cəlb edir. Maraqlı imzalar və üslublar çoxdur əslində.

– Bir az da oxuculardan danışaq. Bu gün gənc nəsil kütləvi şəkildə detektiv və özünüinkişaf, motivasiya tipli əsərlər oxuyur. Məsələn, Elxan Elatlı, Rövşən Abdullaoğlu bunlar içərisində ən çox oxunanlardandır.

– Bunlar bestsellər, asan oxunan, əyləncə, bulvar ədəbiyyatıdır. Oxucunu o qədər də düşündürmür, şüuraltının dərinlərinə enmir. Bu sovet dövründə də olub. Gənclərin meyli də normaldır, bir şərtlə ki, ordan mütaliə vərdişinə yiyələnib daha dərin müstəvilərə varsınlar, daha ciddi mətn anlayışına sahiblənsinlər.

 

 

– Ahmet Tanpınar deyir ki, Türkiyədə üç nəslin üst-üstə oxuduğu kitab yoxdur. Azərbaycanda üç nəslin oxuduğu əsər, yazıçı var?

– Bunu bir az düşünmək lazımdır. Hələlik ağlıma Mirzə Fətəli Axundzadə gəlir.

– Siz Sumqaytda doğulub-böyümüsünüz…

– İndi də orada yaşayıram.

– Sumqayıtı təmsil edən bəzi deputatlar əslən oradan deyil. Bəzi deputatlar bunun sonradan problem yaratdığını da deyir. Siz necə düşünürsünüz, Sumqayıtı təmsil edən deputatların əslən oradan olmaması nə kimi problemlər yarada bilir?

– Əvvəl düşünürdüm ki, hər kəsə yetişdiyi, tanıdığı ərazidə deputat olmaq daha əlverişlidir. Nədən ki, mühiti bilir, insanları tanıyır, problemlərdən halidir. Amma indi fikirləşirəm ki, bir-iki ay kifayətdir ki, istənilən mühitə, insanlara adaptasiya olasan. Məncə, artıq hamı alışıb öz ərazisinə. Hansısa problemlə üzləşdiklərini görməmişəm.

– Sumqayıtı təmsil edən digər deputatlarla əməkdaşlığınız olurmu?

– Ancaq tədbirlərdə bir araya gəlirik. Bizə olunan müraciətlərlə bağlı bəzən müzakirələr də edirik. Hər birimiz fərqli dairələri təmsil etsək də, ümumilikdə götürdükdə problemlər eynidir.

– Seçicilərinizin əsas problemləri nələrdir?

– Ən çox infrasturukturlarla bağlı problemlər olur. Yolların asfaltlanması, küçə işıqlandırması, yaxud bəzi ərazilərdə nəqliyyatın, aptekin çatışmazlığı və s. Yaxud müəyyən sosial məsələlərlə bağlı müraciət edirlər. Heç bir sakinin tələbinə etinasız yanaşmıram, icraedici strukturlara yönəldirəm müraciətləri. Bəzən  elə yerindəcə aidiyyəti qurumlarla əlaqə saxlayıb problemləri həll etməyə çalışıram.

– Seçicilərlə ünsiyyətdə sizi ən çox təəccübləndirən sual və ya müraciət nələr olub?

– Bu yaxınlarda Hacı Zeynalabdin qəsəbəsindən bir qadın qəbuluma gəlmişdi. Dedi ki, Elnarə xanım, həyat yoldaşım məni məhkəməyə verir, biz boşanmaq ərəfəsindəyik. Çox istəyərdim ki, siz bu məsələyə qarışıb qarşısını alasınız. Belə bir gözlənilməz müraciət… Olur bəzən.

– İki oğlunuz var. Hansı sizin yolunuzu davam etdirmək istəyir?

– Heç biri. Böyük oğlum Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, digər oğlum isə Bakı Dövlət Universitetinin Geologiya fakültəsində oxuyur. İkinci oğlumun ədəbiyyata qəti marağı yoxdur, amma böyük oğlum mütaliəyə maraqlıdır. Həm də özünü bu sahədə yetişdirib. Çox ciddi, sanballı kitabları seçir və oxuyur.

– Parlamentdə ilk ilinizdir. Bu dövr sizin üçün, ilk növbədə, təcrübə oldu. Gələcəkdə də seçkilərdə iştirak etməyi düşünərsinizmi?

– Namizədliyimin irəli sürülməsi mənsub olduğum Yeni Azərbaycan Partiyası rəhbərliyinin mənə göstərdiyi böyük etimad oldu. Bu etimad davam etdiyi müddətcə iştirak edəcəm. Bütün hallarda mən sabit, dürüst ideoloji mövqeyə malik adamam və harda olmağımdan asılı olmayaraq, dövlətin maraqları mənim üçün daim öndə olacaq.

– Bəs növbəti seçkilərdə təmsil etdiyiniz bölgəni dəyişərsiniz?

– Əslində, istəmərəm, Sumqayıta, oranın insanlarına öyrəşmişəm. İnsanlar da məni tanıyır. Ziyalı, alim olmağım seçicilər tərəfindən qəbul olunmağımda həmişə yaşıl işıq yandırıb.  Onlarla görüşlərdə bunu daim hiss edirəm. Amma təbii ki, hər şeyi zaman göstərəcək. Mən heç vaxt sıfırdan başlamaqdan qorxmamışam.

– Sizcə, 10 ildən sonra Azərbaycan yazıçısı və Azərbaycan deputatı harada olacaq?

– Azərbaycan yazıçısı oxucusunun, Azərbaycan deputatı seçicisinin yanında olsa belə bəs edər. Amma dünya arenasına çıxış baxımından səciyyələndirsək, yazıçılarımızın artıq uğurlu layihələrlə fərqli məkan müstəvilərinə çıxmalarına inanıram. Qaldı ki, deputatlara, bu gün uğurlu qarşılıqlı siyasi mübadilələr gerçəkləşir. Müxtəlif ölkələrin parlamentariləri bura təşrif buyurub ciddi müzakirələr aparırlar, eləcə də bizim deputatların səsi ən mühüm siyasi tribunalardan səslənir. Biz möhtərəm Prezident İlham Əliyevin sayəsində siyasətdə çox böyük uğurlara imza atmışıq. 5 il ərzində o qədər şey dəyişdi ki… Səsi eşidilməyən xalqdan sözü eşidilən xalqa çevrildik. Amma bunu qorumaq üçün davamlı işləməliyik. Tarixi yaddaşımızı daim diri tutmalıyıq, olanları unutdurmamalıyıq. Artıq biz dünya siyasətinin bir halqasına qoşulmuşuq. Bu gün Ağ Evdə ölkə başçımızın gücü etiraf olunursa, dünya liderlərinin içərisində Azərbaycan Prezidentinə böyük ehtiram və hörmət varsa, bu, elə onun arxasında dayanan xalqın nüfuzu deməkdir. Bu nüfuzu qorumaq hamımızın borcudur.

 

Modern.az