Azərbaycan.media xəbər verir ki, “TikTok” ABŞ-dakı əməliyyatlarının bir qrup amerikalı investora satılması ilə bağlı razılıq əldə edib. Bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata əsasən, sazişin gələn ilin yanvarın 22-də bağlanması gözlənilir. Razılaşmanın şərtlərinə görə, “Oracle”, “Silver Lake” və Əbu-Dabidə yerləşən “MGX” şirkətləri birgə şəkildə “TikTok”un ABŞ-dakı törəmə şirkətinin 45 faizinə sahib olacaqlar. Ana şirkət “ByteDance” isə 20 faizlik payını saxlayacaq, səhmlərin təxminən üçdə biri isə onunla əlaqəli investorlara veriləcək.
Xatırladaq ki, sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Çin mənşəli “TikTok” sosial şəbəkəsinin ABŞ-dakı nəzarətinin Amerika biznesinə verilməsini nəzərdə tutan sərəncam imzalayıb. Sənəddə ABŞ vətəndaşlarının yeni qurumda əsas paya və nəzarətə malik olması şərti yer alır. Bu çərçivədə “ByteDance”in payının 20 faizdən az olacağı, qalan mülkiyyətin isə müxtəlif investorlar arasında bölüşdürüləcəyi bildirilib.
Qeyd olunur ki, yeni şirkət amerikalı istifadəçilərin məlumatlarının qorunmasını və ölkənin milli təhlükəsizliyini təmin edən qaydalara uyğun formalaşdırılacaq direktorlar şurası tərəfindən idarə olunacaq. Yeni qurumun təxmini bazar dəyəri isə 14 milyard dollar olaraq qiymətləndirilir.
