🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır

Azərbaycan.media xəbər verir ki, sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayacaq. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka dekabrın 30-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış imkanları yaratmaq və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer iştirak edəcək və onların təsərrüfatlarında yetişdirilən 140-dan artıq məhsul çeşidi alıcılara təqdim olunacaq. Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək analiz etdirə bilərlər.

Qeyd olunur ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz təmin edilir. “Kənddən Şəhərə” Yeni il yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında — “Gənclik” metro stansiyasının çıxışında, Atatürk parkının qarşısında təşkil olunub.