Azərbaycan.media xəbər verir ki, Mədəniyyət, Elm və Təhsil nazirlikləri ilə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı (UİF) ölkəmizdə uşaqlar üçün təşkil olunan ən genişmiqyaslı incəsənət layihələrindən biridir. Festivalın əsas məqsədi uşaqlarda incəsənətə marağı artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, bədii-estetik zövqünü formalaşdırmaq, regionlararası mədəni inteqrasiyanı gücləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, dekabrın 17-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalında uğur qazanmış şagirdlərin iştirakı ilə konsert proqramı təqdim olunub.
Konsertdə vurğulanıb ki, festival üç yaş qrupu (6–9, 10–13 və 14–17 yaş) üzrə keçirilir, 24 nominasiya üzrə təşkil olunub və birinci mərhələdə Şəki-Zaqatala regionu üzrə 642 şagird və 19 kollektiv iştirak edib. Onlardan 126 nəfəri fərdi şəkildə və 5 kollektiv final mərhələsində iştirak hüququ qazanıb.
Final mərhələsinin nəticələrinə əsasən, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi İlham Rəcəbov 6–9 yaş qrupunda Azərbaycan xalq çalğı zərb alətləri nominasiyası üzrə peşəkar kateqoriyada birinci yerə layiq görülüb. Hüsniyyə Hacıyeva 14–17 yaş qrupunda estrada oxuma nominasiyası üzrə həvəskar kateqoriyada ikinci yerə, həmin məktəbin “Buta” xor kollektivi isə 6–9 yaş qrupunda xor nominasiyası üzrə birinci yerə layiq görülüb.
Festivalın final mərhələsində həmçinin Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarının Uşaq İncəsənət məktəblərinin, Şəki şəhər 3 və 4 nömrəli, Turan qəsəbə Uşaq Musiqi məktəblərinin şagirdləri, eləcə də “Qaranquşlar” və “Sülh göyərçinləri” xor, “Liquid” rəqs kollektivləri, “Gənc cazmenlər” qrupu müxtəlif nominasiyalar üzrə qalib olublar.
Konsert çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi qalib şagirdlərin müəllimləri və konsertmeysterlərinə təşəkkürnamələr təqdim edib.
Xəbəri sosial şəbəkələrdə paylaşın.
