🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident idxal-ixrac və logistikanın rəqəmsallaşdırılması, həmçinin bir sıra beynəlxalq sazişlərin təsdiqi ilə bağlı fərmanlar imzaladı

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, xarici ticarət və yükdaşımaları proseslərinin vahid platforma üzərindən həyata keçirilməsi məqsədilə “Bir pəncərə” informasiya sistemi yaradılacaq. Sistem vasitəsilə tələb olunan kommersiya və nəqliyyat sənədlərinin təqdim edilməsi, elektron sənədləşmə, sərhədkeçmə prosedurları ilə bağlı məlumatlandırma, yükdaşıma müqavilələrinin elektron bağlanması, yüklərin marşrut boyu izlənməsi, ödənişlərin aparılması və statistik məlumatların əldə edilməsi təmin olunacaq.

Sistemin sahibi funksiyalarını Nazirlər Kabineti, operator funksiyalarını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək. Müvafiq informasiya sistemləri arasında məlumat mübadiləsi Elektron Hökumət İnformasiya Sistemi üzərindən aparılacaq.

Nazirlər Kabinetinə doqquz ay müddətində Sistemin əsasnaməsinin hazırlanması, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi barədə təkliflərin təqdim edilməsi tapşırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi, inkişafı və fəaliyyətinə dair aylıq hesabatların hazırlanmasını təmin edəcək.


Bununla yanaşı, Prezident İlham Əliyev bir sıra beynəlxalq sənədlərin təsdiqi barədə də fərmanlar imzalayıb.

Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiq edilib. Saziş 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanıb.

Eyni zamanda, 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış aşağıdakı sənədlər də təsdiqlənib:

Azərbaycan və Qazaxıstanın daxili işlər nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş;

energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş;

statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Fərmanlara əsasən, müvafiq dövlət qurumları bu sənədlərin müddəalarının icrasını təmin edəcək, Xarici İşlər Nazirliyi isə saziş və memorandumların qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurlar barədə qarşı tərəflərə rəsmi bildirişlər göndərəcək.