🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəşid Behbudovun 110 illiyi qeyd olunub – sənətkarın məzarı Fəxri xiyabanda ziyarət edilib

 

Azərbaycan.media xəbər verir ki, dekabrın 14-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 110 illiyi tamam olur.

Yubiley münasibətilə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri, Rəşid Behbudovun yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, eləcə də sənətkarın ailə üzvləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. Görkəmli ifaçının xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Çıxışlarda Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətinin və milli kino sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs olunub, onun zəngin yaradıcılığının dövlət tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanıb.

Qeyd edək ki, Rəşid Behbudov 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını yaradıb, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində 100-dən çox ölkədə çıxış edib, milli kinomuzda isə yaddaqalan və bənzərsiz obrazlar yaradıb.

Məlahətli səsi ilə milyonların qəlbini fəth edən sənətkar 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılıq fəaliyyətinə 1930-cu ildə Tiflisdə başlayan R.Behbudov Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Unudulmaz sənətkar 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

 

Mənbə:  Azərbaycan.media