Ömrümüzü işimizə vermişik – hamı kimi. Amma bəzi insanlar üçün bu prinsip tamamilə yad görünür.
Media aləminin təxminən 90 faizini tanıyıram. Televiziyadan radiosuna, saytına, keçmiş qəzet və qəzetçilərinə qədər – çox az adam olar ki, tanımayım və ya ən azından adını bilməyim.
Lakin son zamanlar mediada elə şəxslərin rəhbər vəzifələrə təyin edildiyini görürük ki, sözün əsl mənasında mat qalmaq olar. Biz çalışanda belə adamların adı, hətta rusdilli mediada belə, qeydə alınmamışdı. Onları heç korrektor və ya digər vəzifələrdə görməmişik.
Bəs bu şəxslər kimdir? Jurnalistikanı harada, necə öyrəniblər? Təcrübəni harada qazanıblar? Bu suallara cavab tapmaq çətindir, çünki heç bir məlumat mövcud deyil.
Bir dəfə keçirilən bir tədbirdə də onlara söz verildi. Amma insanlar qızıldiş bibilər kimi yalnız “uzun ömür, can sağlığı” deyə bildilər. Bəs bunların jurnalist qələmi, söz xəzinəsi haradadır?
Biz görmüşük ki, kollektiv toyda sona qədər qalır, dostlarla əylənir. Amma bəzi şəxslər toyun yarısında böyük masadan birdən durub gedirlər. Komanda anlayışı bu qədərmi olur?
İndiyə qədər bu şəxslərin normal statusunu və yazdıqları bircə kəlməni belə görməmişik. Kimdir bu insanlar? Haradan gəliblər? Təcrübələri, bacarıqları nə səviyyədədir?
Mediada təcrübəsiz şəxslərin rəhbərlikdə görünməsi sektorda ciddi narahatlıq yaradır və gələcək fəaliyyətə mənfi təsir göstərə bilər.
Müəllif: İradə İSAK
Mənbə: Azərbaycan.media
