Azərbaycan.media xəbər verir ki, Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. Hadisə rayonun Şahağacı kəndində baş verib.
Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib. Burada onunla qayınanası və baldızı arasında mübahisə yaranıb.
Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib, lakin qaynar çay onun da ayağına tökülüb.
Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) üzrə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.
Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
