Ədəbiyyat insan düşüncəsinin ən zəngin, ən dərin güzgüsüdür. Əxlaq isə həmin güzgüdə əks olunan bəşər ruhunun istiqamətidir. Tarixin bütün mərhələlərində bu iki sahə insanı həm formalaşdıran, həm dəyişdirən, həm də ona yol göstərən qüvvə kimi çıxış edib. Ədəbiyyatı əxlaqdan ayırmaq mümkün deyil, çünki insanın yazdığı hər sətirdə onun mənəvi dünyasının izləri yaşayır. Bəzən bir kitab bir ömürlük xatırlanmayan nəsihətdən daha güclü təsir göstərir, bəzən bir şeir bir cəmiyyətin mənəviyyatını silkələyir, bəzən bir roman bir millətin vicdanına çevrilir.
Ədəbiyyat yalnız söz sənəti deyil; o, həm də insanın iç dünyasının tərcümanı, vicdanın səsi, nəfsin imtahan meydanıdır. İllər boyu yazılmış poemalar, dastanlar, romanlar, hekayələr əxlaqi dəyərlərin də daşınmasına xidmət edib. Nizaminin “Sirlər xəzinəsi”, Füzulinin “Leyli və Məcnun”, Cəlil Məmmədquluzadənin satirik hekayələri, Tolstoyun fəlsəfi yazıları, Dostoyevskinin mənəvi dilemmləri, bütün bunlar insanın ruhunu təmizləmək, ona ayna tutmaq, cəmiyyətin içindəki eyibləri göstərmək üçün yazılan mədəni və əxlaqi məktəblərdir.
Əxlaq insanın öz vicdanına, öz varlığına, başqasına və cəmiyyətə qarşı məsuliyyətidir. Ədəbiyyat isə bu məsuliyyətin ifadə olunmuş formasıdır. Ədəbiyyatı saf və ali edən də elə onu bəsləyən əxlaqi köklərdir. Əxlaq olmayan yerdə söz yalnız səs olur, amma əxlaqla yazılan söz nur olur, təsir olur, yol olur. Ona görə də əxlaqlı ədəbiyyat insan şəxsiyyətinin inkişafına güc qatır. Nəfsi tərbiyə edir, düşüncəni dərinləşdirir, ruhu ucaldır. Tarixin bütün ədəbi məktəblərində mənəviyyatın rolu əvəzsiz olmuşdur. Orta əsr ədəbiyyatı insanı Allaha yaxınlaşdırmaq, onu dürüstlüyə, sədaqətə, mərhəmətə çağırırdı. Realizm dövründə ədəbiyyat insanın öz içindəki və cəmiyyətdəki ədalətsizlikləri ortaya qoyub onu həqiqətə yönəltməyə çalışdı. Müasir ədəbiyyat isə psixologiyaya, şəxsiyyətin parçalanmış mənzərələrinə enərək insanı öz vicdanı ilə üz-üzə qoyur. Hansı əsrə baxsaq, hansı yazarı oxusaq, görərik ki, əxlaqi mövzu ədəbiyyatın qanını axıdan damardır.
Ədəbiyyatın gücü ondadır ki, o, əxlaqi dəyərləri birbaşa öyrətmir, onları yaşadır, hiss etdirir. Bir qəhrəmanın fədakarlığı oxucunu yaxşılığa yönəldir, bir obrazın səhvi insanı düşünməyə məcbur edir, bir faciənin təsviri insanı mərhəmətli olmağa çağırır. Yaxşı ədəbiyyat insanı dəyişdirir. Sakit-sakit, hiss etdirmədən, amma çox dərin bir şəkildə.
Əxlaq da öz növbəsində ədəbiyyatı qoruyur. Əxlaqsız ədəbiyyat insanı dağıdar, mənəvi boşluq yaradar, dəyərlərin sərhədlərini məhv edər. Buna görə də əsl yazıçının, şairin məsuliyyəti böyükdür. Hər sətir, hər fikir, hər obraz insan qəlbinə atılan bir toxumdur. Bu toxum ya sevgi, mərhəmət, vicdan, ədalət kimi meyvə verəcək, ya da mənəviyyatı korlayan tikanlara çevriləcək.
Nəticə olaraq,
ədəbiyyat və əxlaq bəşər düşüncəsinin ayrılmaz iki tərəfidir. Ədəbiyyat insanın ruhi tarixidir, əxlaq isə onun vicdan salnaməsi. Birində insan özünü tanıyır, digərində özünü dərk edir. Əxlaqlı ədəbiyyat cəmiyyəti tərbiyə edir, insanı yüksəldir, millətin ruhunu saflaşdırır. Buna görə də hər dövrün, hər nəsilin ən böyük ehtiyacı həm ədəbiyyatın, həm də əxlaqın bir-birinə dayaq olduğu bir mənəvi mühit yaratmaqdır. Ədəbiyyatın gücünü artıran əxlaqdır, əxlaqın dərinliyini bəsləyən isə ədəbiyyat. İnsan isə bu iki böyük sütunun arasında öz kamillik yolunu tapır.
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
13.12.2025
Mənbə: Azərbaycan.media
