Azərbaycanda Həcc kvotasının təxminən 40 faizi dolub

Azərbaycan.media xəbər verir ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan kvotanın təxminən 40 faizi artıq dolub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Vüsal Cahangiri bildirib ki, vətəndaşların müraciəti aktivdir və demək olar ki, hər gün yeni müraciətlər daxil olur. Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyənlərin sənəd qəbulu 22 oktyabr 2025-ci ildən başlayıb.

QMİ tərəfindən 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketi 6 100 ABŞ dolları (10 370 manat) qiymətində müəyyən edilib. Ziyarət vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçiriləcək.

Həccə getmək üçün tələb olunan sənədlər:

  1. Ümumvətəndaş pasportu (ən azı 1 il müddəti olmalıdır);

  2. Şəxsiyyət vəsiqəsinin surəti;

  3. 5×5 sm ölçüdə, ağ fonda çəkilmiş 2 rəngli fotoşəkil (qadınlar tünd hicabda);

  4. Sağlamlıq haqqında arayış.