Azərbaycan.media xəbər verir ki, Əməkdar incəsənət xadimi, Ümummilli lider Heydər Əliyevin bacısının qızı Fəxriyyə Xələfova Globalinfo.az-a verdiyi açıqlamada Ulu öndərlə bağlı xatirələrini bölüşüb.
F.Xələfova 2000-ci ildə Bakıda keçirilən ilk Beynəlxalq Moda Festivalı çərçivəsində dünyaca məşhur modelyer Valentin Yudaşkinin dəvət olunmasını və bununla bağlı Heydər Əliyevlə görüşlərini xatırlayıb. O bildirib ki, Ulu öndər moda və mədəniyyət sahələrini dərindən bilirdi və festivalın məqsədi barədə geniş müzakirələr aparıb:
“Valentin Yudaşkin etiraf etdi ki, o, Heydər Əliyevi hələ sovet dövründən izləyir və ona pərəstiş edir. Dedi ki, belə bir böyük siyasətçi ilə eyni məkanda olmaq onun üçün inanılmazdır. Yudaşkin Heydər Əliyevin özünəməxsus geyim üslubunu da vurğuladı. Həqiqətən, Ulu öndərin geyimləri hər zaman mövsümə uyğun seçilirdi”, – deyə F.Xələfova qeyd edib.
O, həmçinin Heydər Əliyevin dayı kimi çox mehriban olduğunu, xüsusi günlərdə ailəvi görüşləri təşkil etdiyini və uşaqlara təhsil və dünyagörüşü ilə bağlı diqqət göstərdiyini vurğulayıb:
“Evində böyük kitabxana vardı, nadir kitablar və atlaslar vasitəsilə bizə dünyanı tanıtdı. 1970-80-ci illərdə internet olmadığı üçün bu onun yanaşması bizim üçün böyük məktəb idi”, – F.Xələfova bildirib.
Əməkdar incəsənət xadimi həmçinin incəsənət sahəsinə gəlmək arzusunu Heydər Əliyevə danışdığını və ondan xeyir-dua aldığını qeyd edib:
“Biologiya fakültəsində oxumağıma baxmayaraq, moda ilə məşğul olmaq arzum olduğunu dedim. Onun bu istəyimə münasibəti mənim üçün çox maraqlı idi, mənə təbəssümlə xeyir-dua verdi. İllər sonra həmin arzum reallaşdı və Heydər Əliyev məni ilk addımlarım zamanı rəsmi qəbul etdi”.
