ETN İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi proseslər müzakirə olunub

Azərbaycan.media xəbər verir ki, dekabrın 11-də ETN İqtisadiyyat İnstitutunun daimi Elmi Seminarı keçirilib.

Tədbiri İnstitutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva açaraq seminarın əsas məruzəçisini – Türkiyənin Ege Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Hamid Ozmanı təqdim edib. O bildirib ki, bu il oktyabrın 23-24-də İzmir şəhərində Ege Universitetində II Beynəlxalq Asiya İntibahı Simpoziumu keçirilib. Simpozium Türkiyənin Ege Universiteti, Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilində böyük əməyi olan Hamid Ozmana institut rəhbərliyi adından “Təşəkkürnamə” təqdim edilib.

Çıxış edən Hamid Ozman iki qardaş ölkə arasında elm sahəsində genişlənən əməkdaşlıqdan bəhs edib və simpoziumda fəal iştirak edən bir qrup institut əməkdaşına sertifikatlar təqdim edib.

Daha sonra o, “Beynəlxalq iqtisadi vəziyyət və Türkiyə iqtisadiyyatı” mövzusunda məruzə ilə çıxış edərək dünya iqtisadiyyatında son proseslər, onların Türkiyə iqtisadiyyatına təsiri, inflyasiya, beynəlxalq ticarət, rəqabət mühiti, makroiqtisadi göstəricilər, texnoloji inkişaf trendləri və türk dövlətlərində iqtisadi artım meyilləri barədə fikirlərini bölüşüb.

Seminar sual-cavab və geniş müzakirələrlə davam edib.

Azərbaycan.media