Azərbaycan.media unudulmaz, görkəmli, həmişəyaşar şairimiz Nüsrət Kəsəmənlinin poeziyasından seçilmiş nümunələri oxucularına təqdim edir.
DAHA GECDİR
Boynubükük xatirələr
Gör, dil açıb deyir nələr.
Dоğru imiş о şübhələr
Dahа gecdir, gecdir dаhа.
Duman idi, gecdi dаћа,
Yalvarışın gеcdi dahа,
Unut sən,
Dаћа ömrüм çən dеyil.
Unutmaq
Sənin üçün qəm deyil.
Sakit idim ümman kimi,
Niyə gəldin duman kimi.
Gеtdin, sеvgi umаn kimi
Dahа gecdir, gecdir dаhа.
Mən quru budаq deyiləm,
Ya sınаm, ya da əyiləm.
Gördüyün uşaq deyiləm,
Dahа gecdir, gecdir dаhа.
BU SEVGİ
Bu sevgi amandan, ahdan keçibdi,
Vaxta nə deyəsən, vaxtdan keçibdi,
Bizim qatarmız çoxdan keçibdi,
Növbəti qatara yer varmı görən?
Taleyin üzündə qoşa xal kimi,
Susub dayanmışıq bir sual kimi.
Sabaha baxırıq xoş xəyal kimi
Xəyaldan o yana sirr varmı görən?
Bizi ayrı salan zaman utanır,
Həqiqət önündə güman utanır,
Bu eşqi gizlədən güman utanır,
Bu duman keçilməz divarmı görən?
Niyə illər susdu, aylar kiridi,
Vüsal boyun bükdü, hicran yürüdü.
Çaylara üz tutduq, çaylar qurudu, –
Bu odu söndürən su varmı görən?!
KAŞ Kİ…
Nələr, nələr yada düşdü,
Xatirələr oda düşdü.
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü,
Görməyəydim kaş ki, səni.
Bahar gəldi qış evinə,
Bu köçəri quş evinə.
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki, səni.
Külə dönmüş od-ocaqsan,
Bəlkə belə qalacaqsan.
Onda uşaq deyildim ki,
Bilirdim ki, solacaqsan,
Dərməyəydim kaş ki, səni.
Hicran gəldi sinə-sinə,
Günlər ötdü sənə-sənə
Bir güldanda saxlayaydım,
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki, səni…
YAZIĞIM GƏLİR
Səni görüb aldanan,
Gözümə yazığım gəlir.
Kəlməbaşı odlanan
Sözümə yazığım gəlir.
Ümidsiz yolları yoran,
Yolların səbrini qıran,
Hər an səni axtaran
İzimə yazığım gəlir.
Hər şeyi unudub gələn,
Kədərini udub gələn,
Üzünə üz tutub gələn
Üzümə yazığım gəlir.
Şaxta vurub, çovğun kəsən,
Yorğun düşüb, məndən küsən,
Soyuqlarda tir-tir əsən
Dizimə yazığım gəlir.
Soruşma bu giley nədir,
Xatirən qəlbimi didir.
Günah mənim özümdədir,
Özümə yazığım gəlir…
ŞƏKLİN SƏNƏ OXŞAMIR
Nə qarşıma çıxmağı var,
Nə əlimi sıxmağı var,
Elə soyuq baxmağı var, –
Şəklin sənə oxşamır heç.
Nə üzümə gülən deyil,
Nə qədrimi bilən deyil,
Nə dərdimdən ölən deyil, –
Şəklin sənə oxşamır heç.
Qısqanmır məni heç kimə,
Alışmır mənim eşqimə,
Danışmır heç bircə kəlmə, –
Şəklin sənə oxşamır heç.
Bulud kimi dolmağı yox,
Bir qeydimə qalmağı yox,
Nə könlümü almağı yox, -.
Şəklin sənə oxşamır heç.
Söz desəm, dinməz bu şəkil,
Gül desəm, gülməz bu şəkil,
Yerini verməz bu şəkil, –
Şəklin sənə oxşamır heç…
ELEGİYA
Əliağa Kürçaylının qızı Ülkər xanımın xatirəsinə
1
Su üstünə gül düşdü,
Saralmış, ölgün düşdü.
O bir yaşıl yarpaqdı
Budağından gen düşdü…
Su üstü ləpələndi,
Daşlara səpələndi,
Buludlar yas tutdular,
Qayalar qəlpələndi.
Su üstə ləçək qaldı,
Ləçəkdə çiçək qaldı.
Hansı hicran sevindi,
Hansı vüsal tək qaldı?!
2
Barışmaz günah ilə,
Coşdu dəniz ah ilə,
Min inadla sahilə
Atdı sular Ülkəri.
Sinəsinə daş qoydu,
Neçə gözdə yaş qoydu.
Dalğalara baş qoydu
Yatdı sular ülkəri.
3
Oyan, mənim qız bacım,
Ay ürəyi düz bacım.
Yenə azdı deyərdim
Səntək olsa yüz bacım…
4.
Dayandın ucada əfsanələrdən,
Küləklər sahilə yaydı səsini.
Özün boğulmadın o gün Xəzərdə,
Boğdun “Qız qalası” əfsanəsini…
PAYIZ
Romans
Yenə duman, çən gəlir,
Fikirlidir dağ, dərə.
Hicran payızı gəlib
Külək qaçır xəbərə.
Göylərin qəlbi dolub,
Hönkürəcək buludlar.
Gözlərimdə səninçün
Yağacaq bir bulud var.
Yenə yarpaqlar uçur,
Tək qalacaq budaqlar.
Yenə hicran nəğməsi,
Oxuyacaq dodaqlar.
Nə söyləyir görəsən
Bulaqların nəğməsi.
Bir hicran harayıdır
Uçan durnanın səsi.
Yenə duman, çən gəlir,
Fikirlidir dağ, dərə.
Hicran payızı gəlib
Külək qaçır xəbərə.
OVÇU DOSTUM CAVANŞİRƏ
Qaraldı qaşın, ördək,
Yaşıldı, başın, ördək.
Həmişə cüt gəzərdin
Hanı yoldaşın, ördək?!
Bir səs titrətdi göyü,
Havada barıt iyi.
De, necə keçirirsən
Bu sularda təkliyi;
“Hanı yoldaşın, ördək?”
Bir güllə süzdü getdi,
Səfini pozdu getdi.
Sulardakı lələklə
Dərdini yazdı getdi.
Sağ olsun başın, ördək!
Tüstülənən o ocaq,
Gözləri yaşardacaq.
Bundan sonra deyirəm
Dənizi daşırdacaq
Gözünün yaşı, ördək.
Hər quşun kənizi var,
Sularda qan izi var.
Yurd-yuva əvəzinə
Bir qorxu dənizi var;
Nəmlidir daşı, ördək!
Mənbə: Azərbaycan.media
