Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yağıntılı hava şəraiti davam edir. Modern.az-a istinadən bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, arabir duman müşahidə olunur.
Dekabrın 10-u və 11-də yağıntının miqdarı Naxçıvan şəhərində 8 mm, Şahbuzda 5 mm, Küküdə 6 mm, Biçənəkdə 9 mm, Şərurda 5 mm, Axurada 5 mm, Ordubadda 8 mm, Parağaçayda 16 mm, Culfada 6 mm, Göydərədə 7 mm, Kəngərlidə 9 mm və Sədərəkdə 6 mm təşkil edib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qarın hündürlüyü Ordubadın yüksək dağlıq ərazilərində (təxminən 3 000 m) 20 sm, Parağaçaq Qar Uçqunu Stansiyasında 4 sm, Şahbuz rayonunun Batabat ərazisində isə 2 sm təşkil edir.
