Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydalarına ciddi riayət etmələri ilə bağlı növbəti dəfə müraciət edib.
FHN-dən bildirilib ki, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi kiçikhəcmli gəmi istifadəçiləri, xüsusilə də balıqçılıqla məşğul olan şəxslər tərəfindən təhlükəsizlik tələblərinə əməl edilməməsi nəticəsində arzuolunmaz, bəzən isə faciəvi hallar baş verir.
Nazirlik kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı aşağıdakı tələblərin mühüm olduğunu vurğulayıb:
Səfərə çıxmazdan əvvəl gəminin texniki sazlığı, xilasetmə vasitələrinin və zəruri avadanlıqların norma üzrə təmin olunması;
Gəminin sərnişin və yükgötürmə limitlərinə əməl edilməsi, sərnişinlərin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması;
Səfər vaxtına uyğun hava proqnozunun öyrənilməsi, dalğa hündürlüyü və küləyin sürəti ilə bağlı məhdudiyyətlərin nəzərə alınması;
Yelkənli və mühərrikli qayıqların yalnız biletlərində göstərilən külək və dalğa limitlərinə uyğun hərəkət etməsi;
Avarlı qayıqların küləyin sürəti 7 m/san-dən artıq olduqda dənizə çıxmasının qadağan olunması;
Görmə məsafəsini məhdudlaşdıran duman və digər əlverişsiz hava şəraitində kiçikhəcmli gəmilərin hərəkətinin yolverilməz olması.
FHN həmçinin bildirib ki, sərhəd sularında balıq ovu və digər fəaliyyətlər yalnız günün işıqlı saatlarında icra edilə bilər.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
