🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyə HDQ nümayəndə heyəti Bakıda – elektron naviqasiya üzrə əməkdaşlıq genişlənir

Azərbaycan.media xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin məlumatına görə, nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə iştirak edib. Görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi, eləcə də tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Türkiyə nümayəndələri Azərbaycan HDQ-nin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC elektron xəritələrinin hazırlanması, həmçinin S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıblar və öz təcrübələrini bölüşüblər.

Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan və Türkiyə arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.