Azərbaycan diplomatiyasında yeni strateji mərhələ

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri Azərbaycan diplomatiyasının Avropa istiqamətində yeni strateji mərhələsinin konturlarını formalaşdırır. Bu səfər təkcə siyasi təqvimdə mühüm hadisə deyil, həm də Cənubi Qafqazdan Mərkəzi Avropaya qədər uzanan geosiyasi xəritədə yeni tərəfdaşlıqların bünövrəsini qoyan dönüş nöqtəsidir. Bratislavada səsləndirilən mesajlar və əldə olunan razılaşmalar göstərir ki, Slovakiya artıq Azərbaycan üçün yalnız dost ölkə deyil, Avropadakı etibarlı və strateji dayaqlardan biri kimi formalaşır.

Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan sözün əsl mənasında dost və strateji tərəfdaşlardır” fikri diplomatik ritorikadan uzaqdır və ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin real nəticələr verdiyini göstərir. İqtisadi işçi qruplardan müdafiə sənayesinə qədər bir çox sahədə konkret layihələrin icra olunması tərəfdaşlığın kağız üzərində yox, real siyasi və iqtisadi zəmin üzərində qurulduğunu nümayiş etdirir.

Səfərin enerji bloku xüsusilə diqqətəlayiqdir. Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan prioritet tərəfdaşdır. İllik 25 milyard kubmetrlik qaz ixracının yarısının Avropa ölkələrinə yönəlməsi və Slovakiyanın bu alıcılar sırasında olması Bratislava–Bakı xəttinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın enerji imkanları yalnız mövcud ehtiyacları deyil, Slovakiya və qonşularının gələcək enerji tələbatını da təmin etmək gücündədir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq da səfərin diqqət çəkən məqamlarından biridir. Prezident Əliyev qeyd edib ki, bu, hərbi siyasətdən çox, sənaye və texnologiya sinergiyasına əsaslanır; Slovakiya texnologiyaları ilə Azərbaycan imkanlarının birləşdirilməsi yeni məhsulların dünya bazarına çıxmasına imkan yaradacaq.

Slovakiya nümayəndə heyətinin Qələbə Günü tədbirlərində iştirakı iki ölkə arasında etimad və siyasi yaxınlığın simvolu kimi diqqət çəkir. Eyni zamanda, Prezident Əliyevin Slovakiyanın müstəqil xarici siyasətinə verdiyi yüksək qiymət münasibətlərin yalnız iqtisadi və siyasi deyil, həm də dəyərlər səviyyəsində yaxınlaşmasını göstərir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da önəmli istiqamət olub. Azərbaycan son illərdə Şərq–Qərb nəqliyyat dəhlizinin mərkəzinə, Orta Dəhliz layihəsinin əsas daşıyıcısına çevrilib. Slovakiya üçün bu marşrut strateji logistik imkanlar, Azərbaycan üçün isə Avropa ilə iqtisadi əlaqələrin genişləndirilməsi deməkdir.

Yüksək texnologiyalar və data mərkəzləri sahəsində əməkdaşlıq isə Azərbaycanın enerji potensialının artırılması və süni intellekt layihələrinin genişlənməsi ilə regional texnoloji hab kimi formalaşmasına şərait yaradır. Slovakiya şirkətləri ilə əməkdaşlıq yeni innovativ sənaye xəttinin yaranmasını təmin edir.

Bütün bu məqamlar Prezident İlham Əliyevin Slovakiya səfərini Azərbaycanın Avropadakı çoxşaxəli xarici siyasət strategiyasının mühüm dayaqlarından birinə çevirir. Slovakiya ilə münasibətlərin dərinləşməsi isə Azərbaycanın geosiyasi mövqeyini yalnız regionda deyil, bütövlükdə Avroatlantik məkanında gücləndirir.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı,
Filologiya elmləri doktoru

Azərbaycan.media