İKTA və ICANN Azərbaycanda internet idarəçiliyi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan.media xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov ilə internetin idarə edilməsinə məsul beynəlxalq qurumlardan biri olan Təyin olunmuş Adlar və Nömrələr üzrə İnternet Korporasiyasının (ICANN) vitse-prezidenti Kris Mondini arasında görüş keçirilib.

Görüş Bakıda təşkil olunan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində “ICANN” rəhbərliyi ilə aparılan ilkin müzakirələrin davamı olaraq baş tutub. Tərəflər Azərbaycanın domen adları üzrə idarəçilik modelinin gücləndirilməsi, milli DNS infrastrukturunun dayanıqlığının artırılması və təhlükəsiz, sabit internet ekosisteminin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Azərbaycanın qlobal internet idarəçiliyi proseslərində daha fəal iştirakı və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqi vurğulanıb.

Müzakirələr zamanı “ICANN” tərəfindən texniki bilik mübadiləsi, İKTA əməkdaşları üçün potensialın artırılması proqramları, yerli mütəxəssislər üçün təlim və seminarların təşkili, eləcə də siyasət və normativ çərçivələrin inkişafında ekspert dəstəyi imkanları nəzərdən keçirilib. “ICANN” nümayəndələri Azərbaycanın regionda innovasiya və rəqəmsal inkişaf proseslərinə verdiyi töhfəni yüksək qiymətləndirərək əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

İKTA rəhbərliyi isə agentliyin yaranmasından sonra informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin qanunvericilik tələblərinə uyğunlaşdırılması üzrə monitorinqlər apardığını, ölkədə domen adları sisteminin mövcud vəziyyəti, müşahidə olunan çətinliklər və boşluqlar barədə məlumat verdiyini bildirib. Qeyd olunub ki, “ICANN” ilə əməkdaşlıq domen idarəçiliyində şəffaflıq, koordinasiya və dayanıqlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşdə İKTA və “ICANN” əməkdaşlığını dərinləşdirmək və qarşıdakı aylarda Azərbaycanda domen idarəçiliyinin inkişafına dair birgə Yol Xəritəsi hazırlamaq barədə razılığa gəlinib.