Azərbaycan.media xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı APA-ya açıqlamasında partiya üzvü və vitse-spiker Rafael Hüseynovla bağlı yaranan narazılığa münasibət bildirib.
S. Rüstəmxanlı vurğulayıb ki, partiyanın Siyasi Şurasının iclasında məsələyə baxıla bilər, lakin o, Hüseynovun partiyadan çıxarılması və ya hər hansı inzibati cəza tətbiq olunması barədə düşünmür: “Bu məsələdə ciddi narazılıq var, amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni öz aramızda həll edəcəyik”.
Xatırladaq ki, dekabrın 8-də Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans zamanı Sabir Rüstəmxanlının çıxışı vitse-spiker Rafael Hüseynov tərəfindən kəsilib. Hüseynov çıxış üçün ayrılan vaxtın bitdiyini bildirərək, Sabir Rüstəmxanlıya fikirlərini başqa gün ifadə etməyi təklif edib.
Məsələyə Rafael Hüseynovun mövqeyi öyrənilməyib, vitse-spiker telefon zənglərinə cavab verməyib.
