Azərbaycan.media xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2025-ci il üzrə hesabat iclası keçirilib.
İclas əvvəlində il ərzində nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub. Elmi şuranı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı və İnstitutun vəzifələri barədə fikirlərini bölüşüb. Həmçinin Elektron xidmətlər şöbəsinin adının dəyişdirilərək “Rəqəmsal ədəbiyyatşünaslıq, süni intellekt və elektron xidmətlər” adlandırılması və funksiyaları müzakirə olunub.
Sonra İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2025-ci il üzrə illik elmi hesabatı təqdim edib. O, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və dövlət proqramlarının icrası ilə bağlı institutda görülən işlər barədə məlumat verib. A. Bağırlı, həmçinin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilmiş tədbirlərlə əlaqədar nəşr olunmuş kitablar haqqında iştirakçıları məlumatlandırıb.
A. Bağırlının açıqlamasına görə, il ərzində institutda 2 istiqamət, 8 problem və 19 mövzu üzrə işlənilən 151 işdən 80-i tamamlanıb, 71 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları arasında 16 tərtib, 5 tərcümə, 7 dərslik olmaqla 98 kitab, 66-sı xaricdə, 577-si jurnallarda və toplularda, 229-u qəzetdə olmaqla ümumilikdə 872 məqalə çap olunub.
Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses – 2025” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə məlumat verib.
İclasın yekununda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru akademik Teymur Kərimli və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Ədəbiyyat İnstitutunun 2025-ci il üzrə gördüyü işləri yüksək qiymətləndiriblər.
