Azərbaycan.media xəbər verir ki, bu gün Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına dair Koordinasiya Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Baş Nazirin müavini və Koordinasiya Şurasının sədri Samir Şərifov bildirib ki, dünya ölkələrinin Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasının 2026-cı ildə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artdığını göstərir. O, bu tədbirin layiqli və yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin Koordinasiya Şurasına həvalə olunduğunu qeyd edib.
Eqmont Qrupu 1995-ci ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli maliyyə kəşfiyyatı qurumlarının fəaliyyətinə dəstək və məlumat mübadiləsini təmin etmək məqsədilə təsis edilib. Azərbaycan 2011-ci ildə tamhüquqlu üzv qismində qrupa qoşulub.
İclas çərçivəsində Eqmont Qrupunun 32-ci Plenar İclasının təşkilinə dair məsələlər müzakirə edilərək İş Planı təsdiq olunub. Həmçinin, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə Avropa Şurasının MONEYVAL Komitəsinə təqdim edilmiş tərəqqi hesabatı barədə məlumat verib. O bildirib ki, Azərbaycan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemini FATF standartlarına uyğunlaşdırmaqda mühüm irəliləyiş əldə edib və FATF-ın 7 tövsiyəsi üzrə ölkəmizin reytinqinin yüksəlməsi gözlənilir.
İclasda həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı digər məsələlər də müzakirə olunub.
