Azərbaycan və Ermənistan rəsmiləri “Euronews”a birgə müsahibə verərək sülh prosesindən danışıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilk dəfə birlikdə “Euronews” telekanalına müsahibə veriblər.

 Dohada keçirilən eksklüziv müsahibədə tərəflər sülh prosesinin necə başladığını və iki ölkənin gələcək perspektivlərini açıqlayıblar. Hacıyev və Qriqoryan onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.

Müsahibədə qeyd olunub ki, danışıqlar 2020-ci ildə son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib. Hacıyev Brüsseldə keçirilən görüşlərdən sonra tərəflərin mövcud fikir ayrılıqlarını kənara qoyaraq sülhə doğru irəliləmək qərarına gəldiyini vurğulayıb.

Qriqoryan isə bildirib ki, hər iki ölkənin rəhbərlikləri regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlərin hazırlanması üzərində çalışırlar. O, uzun illər davam edən münaqişə səbəbindən etimadın formalaşmasının çətin olduğunu, lakin prosesin addım-addım irəlilədiyini qeyd edib:

“Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik”.

Azərbaycan rəsmisi sülh prosesini “qlobal münaqişələr fonunda uğur hekayəsi” adlandırıb və artıq tərəflərin regionun iqtisadi genişlənməsi üzərində işlədiyini vurğulayıb. Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələr qarşılıqlı asılılığı artıracaq, həm sülhü, həm də rifahı möhkəmləndirəcək:

“Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır”.

Hər iki tərəf sülhün geri dönməz xarakter daşıdığını və gələcək nəsillər üçün strateji hədəf olduğunu qeyd edib. Müsahibədə “TRIPP – Trump Route for International Peace and Prosperity” layihəsi xüsusi vurğulanıb. Hacıyev bildirib ki, layihə Avrasiyanın nəqliyyat xəritəsini dəyişəcək, Qriqoryan isə Ermənistan və ABŞ-ın layihənin texniki detalları üzərində intensiv müzakirələr apardığını deyib.

Müsahibənin sonunda hər iki rəsmi vurğulayıb ki, müharibə artıq keçmişdə qalıb və əsas hədəf Ermənistan ilə Azərbaycanın birgə, sülh dolu gələcəyidir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyur.