Azərbaycan.media xəbər verir ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası Rusiya tərəfindən böyük maraqla qarşılanıb. Bu barədə “Bloomberg”in köşə yazarı Mark Çempion yazır.
Çempionun sözlərinə görə, əsas səbəb strateji yanaşmanın transatlantik alyansı zəiflətməyə çağırmasıdır. 1945-ci ildən bəri Kremlin rəhbərlərinin (Mixail Qorbaçov və Boris Yeltsin istisna olmaqla) demək olar ki, hamısının arzusu Avropanı parçalamaq olub. Hazırkı strategiyada amerikalı strateqlər hesab edir ki, ABŞ üçün Avropa İttifaqı deyil, Moskva ilə üst-üstə düşən maraqlar daha sərfəlidir.
Müəllif vurğulayır ki, Tramp və Putini Avropada birləşdirən ikinci ortaq məqam liberal liderlərin zəiflədilməsi və kənarlaşdırılmasıdır. Liberal Avropa həm Putinin, həm də Trampın hakimiyyətdə qalmaq üçün daxili siyasi ritorikasına təhlükə yaradır. Çempion xatırladır ki, 2013-cü ildə Putin Ukraynanın Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamaq istəyinə görə kəskin reaksiya göstərib, çünki Moskva yaxın qonşusunun azad və inkişaf etmiş modelini qəbul edə bilməzdi.
Tramp üçün də liberal Avropanın zəifləməsi həyati əhəmiyyət daşıyır. Yalnız bu halda ABŞ seçicilərinin gələcəkdə onun yanaşmasına sadiq qalacağına dair arqument möhkəm olur. Bu səbəbdən Trampın yeni təhlükəsizlik strategiyasında ABŞ-ın Avropanın siyasi proseslərinə müdaxilə etməsi onun məqsədlərinə uyğundur.
Çempion həmçinin qeyd edir ki, institutlar liderin iradəsinə tabe edilirsə, demokratiyanı bərpa etmək mümkün deyil. Akademik azadlıq boğulduqda söz azadlığını “gücləndirmək” də imkansızdır, beynəlxalq institutları dağıdaraq “böyük dövlətlərin təsir zonaları” dövrünə qayıtmaqla sülh əldə etmək də mümkün deyil. Buna görə də, Avropada sağ populist liderlərin hakimiyyətə gəlməsi üçün daim manipulyasiya aparmaq lazım gəlir.
Müəllif həmçinin vurğulayır ki, Avropa ABŞ silah və texnologiyalarından asılılığı azaltmağa hazır deyil, bu isə labüd ticarət müharibəsi və iqtisadi riskləri gətirə bilər.
Yeni strategiyada ABŞ Ukraynada müharibənin başa çatdırılmasını xarici siyasətinin prioriteti elan edib. Prezidentin baş siyasi müşaviri Stiven Miller bildirir ki, Tramp bu məsələyə birinci dərəcəli əhəmiyyət verir.
Eyni zamanda “The Times”ın köşə yazarı Metyu Sayed qeyd edir ki, Tramp dövründə ABŞ-ın xarici siyasəti artıq məntiq və milli maraqlar əsasında deyil, şəxsi “reket” yanaşması ilə formalaşır.
