Almaniya miqrasiya qanununda sərtləşdirmələr edib

Azərbaycan.media xəbər verir ki, Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər qəbul olunub.

Yeni qaydalara əsasən, hökumət Bundesratın təsdiqi olmadan ölkələri “təhlükəsiz mənşə ölkələr” kimi təsnif edə və həmin ölkələrdən gələn şəxslərin deportasiyasını asanlaşdıra biləcək. Məqsəd əsassız sığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsidir. Təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.

Qanun paketinə hökumət partiyaları və Almaniya üçün Alternativ Partiyası (AfD) dəstək verib, Yaşıllar və Sol partiya isə etiraz edib. Həmçinin, deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququ ləğv olunacaq və vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verənlər üçün on illik qadağa tətbiq ediləcək.

Eyni iclasda uzun müddət müzakirə olunan hərbi xidmət və pensiya islahatları ilə bağlı qanun layihələri də səsə qoyularaq qəbul olunub.