Azərbaycan.media xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil olunan 8-ci Beynəlxalq AVPA Çay Müsabiqəsində Azərbaycan çayının uğurlu təqdimatı gerçəkləşib.
Avropa Bürosunun məlumatına görə, dünyanın 18 ölkəsindən 300-dən çox çay məhsulunun 25 kateqoriya üzrə qiymətləndirildiyi nüfuzlu yarışmada Azərbaycan istehsalı olan “Azər Çay”ın iki məhsulu mükafata layiq görülüb.
Müsabiqədə “Azər Çay”ın tərəfdaşı qismində Fireland Azərbaycanlılar Birliyi iştirak edib və mükafatları qəbul edib. AVPA tərəfindən artıq səkkizinci dəfə keçirilən bu beynəlxalq yarışmada Azərbaycan çayı ilk dəfə bu miqyasda təmsil olunub.
Yarışmadan əvvəl Azərbaycan çayı Brüsseldə keçirilən Beynəlxalq Çay Festivalında nümayiş olunub və böyük maraqla qarşılanıb. Məhz bu uğurlu təqdimat sayəsində Azərbaycan çayı AVPA tərəfindən Paris müsabiqəsinə dəvət edilib.
Paris yarışmasında ümumilikdə Azərbaycan istehsalı olan dörd çay növü iştirak edib və onlardan ikisi mükafata layiq görülüb. Bu uğur Azərbaycan çayının beynəlxalq bazarda artan rəqabət qabiliyyətini və yüksək keyfiyyətini bir daha təsdiqləyir.
Layihə Fireland Azərbaycanlılar Birliyinin, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Parisdə keçirilən mükafatlandırma mərasimində birlik üzvləri ilə yanaşı, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edərək əldə olunan nailiyyət münasibətilə təbriklərini çatdırıb.
Tədbirin təşkilatçıları Fireland Azərbaycanlılar Birliyini 2026-cı ildə Parisdə keçiriləcək Çay Festivalına rəsmi olaraq dəvət ediblər.
