Azərbaycan.media xəbər verir ki, Bərdədə 15 yaşlı qızla ailə quran 23 yaşlı şəxs barəsində çıxarılan hökmə əsasən həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, Ağdamdan məcburi köçkün olan və rayonun 588 saylı qəsəbəsində yaşayan Nihad Məmmədli (şərti ad) barəsindəki cinayət işi Bərdə Rayon Məhkəməsində araşdırılıb.
Məlumata əsasən, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti ad) ilə ailə qurub və onların toyu Bərdədəki “Qızıl Tac” şadlıq sarayında keçirilib. Bundan sonra yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək onunla birgə ər-arvad kimi yaşamağa başlayıb.
Fakt polis tərəfindən müəyyən edildikdən sonra Nihad barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) ilə cinayət işi açılıb.
Nihad ifadəsində qızla sevərək evləndiklərini, birlikdə yaşamağa davam etmək istədiklərini bildirib. Yeniyetmə qız da onu sevdiyini və ailəsinin dağılmasını istəmədiyini deyib. Oğlan həmçinin Züleyxanın valideyninin qızı daha əvvəl qeyri-qanuni əməyə cəlb etdiyini və hazırda da onu ayıraraq kafedə işlətmək istədiyini iddia edib.
Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmə əsasən, 23 yaşlı Nihad Məmmədli 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanaraq həbsxanaya göndərilib.
