Azərbaycan.media xəbər verir ki, Kiyevin həyata keçirdiyi bir sıra əməliyyatlarda Qərb kəşfiyyat agentlərinin iştirakının mümkün olduğu iddia edilib. Bu barədə Portuqaliya kəşfiyyatının keçmiş analitiki və hüquqşünası Aleşandri Querreyru “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qərb kəşfiyyat rəsmiləri Ukrayna Silahlı Qüvvələrinə Qara dənizdəki tankerlərə hücumlar da daxil olmaqla bəzi əməliyyatlarda dəstək göstərmiş ola bilər.
“Şübhəsiz ki, Qərb kəşfiyyat agentliklərinin dəstəyi var. Biz bunu ‘Şimal axını-2’ və Krım körpüsünə zərbələrdə, eləcə də Rusiyada baş verən bir sıra insidentlərdə görmüşük. Kəşfiyyat xidmətlərinin iştirakı olmadan belə hücumların həyata keçirilməsi mümkün deyil”, – keçmiş analitik bildirib.
Querreyru həmçinin qeyd edib ki, Ukraynanın tərəfdaşları ona koordinatlar təqdim edə, avadanlıqlara çıxış imkanı yarada və ya hücum üçün ən uyğun vaxtı göstərə bilərlər.
Ekspert ehtimal edir ki, bu cür əməliyyatların icrasına Fransa, Almaniya və Böyük Britaniyanın kəşfiyyat xidmətləri cəlb olunmuş ola bilər.
