Binəqədidə qəzalı bina təhlükə saçır: Sakinlərin çoxu evi tərk edib

Azərbaycan.media xəbər verir ki, Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yaşayan sakinlər uzun illərdir qəzalı vəziyyətdə olan binada məskunlaşmaq məcburiyyətində qalıblar.

“Qafqazinfo”nun məlumatına görə, Baku TV-yə danışan sakinlər bildiriblər ki, binanın vəziyyəti kritik həddə çatıb. Onların sözlərinə görə, 13 ailədən yalnız 3-ü hələ də binada qalır, digərləri isə təhlükədən dolayı kirayə mənzillərə köçüblər.

Sakinlər deyirlər ki, binadan iri tonnajlı maşınlar yoldan keçəndə titrəyir, divar və döşəmələr çökür:
“Bina uçub tökülür. İri tonnajlı maşınlar keçəndə evlər silkələnir”, – deyə onlar bildiriblər.

Bina sakini Rəfael Əliyev isə vəziyyətin daha da ağır olduğunu qeyd edib:
“Döşəmə qırıldı, yoldaşım yerə düşdü. Aidiyyəti qurumlara müraciət etdim, amma heç kim maraqlanmadı. Binanın qəzalı olması ilə bağlı rəy var, amma sökülməsi barədə heç bir məlumat yoxdur”, – deyə o şikayətlənib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti açıqlama verərək bildirib ki, bina xüsusi təyinatlı olduğundan onların balansında deyil. Tikili Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyəti isə binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək vurğulayıb ki, məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi şəkildə təqdim edilib. Komitə isə bildirilib ki, vəziyyətdən məlumatlıdır və yaxın günlərdə sakinlərlə görüş keçiriləcək.