Azərbaycanda pərakəndə ticarət və inflyasiya: ərzaq xərcləri sürətlə artır

Azərbaycanda pərakəndə ticarət və inflyasiya: ərzaq xərcləri sürətlə artır

Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq məhsul satılıb. Bunun 26 milyard 495 milyon manatı ərzaq, 2 milyard 169 milyon manatı içki və tütün məhsullarına, 23 milyard 951,2 milyon manatı isə qeyri-ərzaq mallarına düşüb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, ərzaq və içkilər üzrə 1,3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 6,7 faiz artıb. Statistikaya əsasən, alıcıların ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarına yönəlir.

Rəsmi məlumatlara görə, ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda orta hesabla 513,8 manat xərcləyir. Bunun 279,9 manatı ərzaq məhsullarının alınmasına sərf olunur. Bu da 4 nəfərlik ailənin minimum aylıq xərcinin 2055 manat, ərzaq xərcinin isə 1119 manat təşkil etdiyini göstərir. Son illər ərzində ailə büdcələrində ümumi ticarət xərcləri 1,5 dəfə, ərzaq xərcləri isə 1,6 dəfə artıb. Artımın əsas səbəbi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi deyil, inflyasiyanın təsiridir.

Ərzaq məhsullarında bahalaşma daha yüksəkdir

2025-ci ilin oktyabrında istehlak qiymətləri indeksi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında artım 8,2 faiz, qeyri-qida məhsullarında 12,5 faiz, xidmətlərdə isə 5,6 faiz təşkil edib. Ərzaq məhsullarında ən çox bahalaşma yumurta (4,7%) və tərəvəz (4,3%) üzrə qeydə alınıb.

Mərkəzi Bankın hesablamalarına görə, inflyasiyaya xarici qiymət dəyişiklikləri və daxili təzyiqlər təsir edib. Xarici ticarət tərəfdaşlarında inflyasiya 8,9 faiz olub və bu göstərici Azərbaycandakı inflyasiyaya 3,12 faiz bənd artırıcı təsir göstərib. Daxili amillər arasında əsas faktor kənd təsərrüfatı məhsullarının qiymət indeksinin 9,3 faiz yüksəlməsi olub. Bu da inflyasiyaya 4,28 faiz bənd təsir edib.

Beynəlxalq müqayisələr: Azərbaycanda ərzaq xərcləri yüksəkdir

Dünyanın inkişaf etmiş ölkələrində istehlak strukturunda ərzaq xərcləri ümumi xərclərin cəmi 8-10 faizini təşkil edir. Müqayisə üçün:

  • Estoniyada bu rəqəm 14,6%,

  • Litvada 17,7%,

  • Latviyada 25,6%,

  • Ukraynada 42,1%,

  • Belarusda 43,9%,

  • Rusiyada 40%,

  • Moldovada 50,1%,

  • Qazaxıstanda 58,7%,

  • Ermənistanda 61,8%,

  • Türkmənistanda 67,3%-dir.

Azərbaycan isə bu siyahıda yüksək göstəricilərdən birinə malikdir. Bu isə əhalinin həyat səviyyəsinin aşağı olduğunu göstərən mühüm amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər yüksəkdirsə, yığım və orta-müddətli alıcılıq qabiliyyəti bir o qədər zəif olur.

Rəsmi statistikaya əsasən, hazırda ölkədə əhalinin gəlirlərinin cəmi 1,8 faizi sərəncamında qalır. Orta aylıq əməkhaqqının 1087,7 manat olduğunu nəzərə alsaq, ayın sonunda vətəndaşın sərəncamında orta hesabla 19 manat qalır.

İdxalın böyük payı qiymətləri artırır

Ölkədə ərzaq xərclərinin yüksək olmasının əsas səbəblərindən biri bir çox ərzaq məhsulları üzrə tələbin idxal hesabına qarşlanmasıdır. 2025-ci ilin ilk 10 ayında ümumi idxalın 11 faizini — 2 milyard 114 milyon dollarını yeyinti məhsulları təşkil edib.

FAO-nun məlumatına görə, dünya üzrə 2025-ci ilin oktyabrında ərzaq qiymətləri indeksi sentyabrla müqayisədə 1,6% azalsa da, Azərbaycanda ərzaq idxalına yönələn xərclər artıb. Bu vəziyyətin başlıca səbəbi daşınma xərclərinin yüksəlməsi, logistika çətinlikləri və qlobal siyasi qeyri-müəyyənliklərdir.

FAO-nun proqnozuna görə, 2025-ci ildə qlobal ərzaq idxalının dəyəri 2,22 trilyon dollara çatacaq. Bu isə 2024-cü illə müqayisədə 8% artım deməkdir.

İstehlakçı davranışında dəyişiklik

Beynəlxalq araşdırmalar göstərir ki, bir çox ölkələrdə insanlar bahalaşma fonunda lazımsız və bahalı məhsulların istehlakını azaldır. Qazaxıstanda aparılan sorğulara görə, əhalinin 69 faizi qənaət yolları axtarır, endirimli və ucuz məhsullara üstünlük verir.

Azərbaycanda da oxşar tendensiya müşahidə olunur. Ərzaq xərcləri artsa da, artım tempi zəifləyib: 2024-cü ilin yanvar-sentyabr dövrü ilə müqayisədə bu il artım 1,4 faizdən 1,3 faizə düşüb.

2026-cı il proqnozları

Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ildə əhalinin nominal gəlirləri 97,4 milyard manat, xərcləri isə 95,5 milyard manat proqnozlaşdırılır. Bu isə gələn il ölkə vətəndaşlarının sərəncamında cəmi 1,9 milyard manat vəsait qalacağını göstərir.

Bu rəqəmlər ölkədə real gəlirlərin və alıcılıq qabiliyyətinin məhdud olduğunu, ərzaq xərclərinin isə iqtisadi-sosial yük olaraq qalmaqda davam etdiyini təsdiqləyir.