Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir və maarifçi şair Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii gecə keçirilib. Tədbirdə millət vəkili, ədəbiyyatşünas-alim Elnarə Akimova çıxış edərək şairin irsinin Azərbaycan ədəbi-fəlsəfi düşüncəsində tutduğu mühüm yerdən bəhs edib.
Elnarə Akimova çıxışında bildirib ki, Seyid Əzim Şirvani təkcə bir şair kimi deyil, Azərbaycan cəmiyyətini maarifçilik ideyalarına səsləyən böyük bir fikir adamı kimi XIX əsr poeziyasına damğa vurub. O, Şirvaninin satirik yaradıcılığının, dövrün geriliklərinə etiraz edən cəsarətli mövqeyinin və insanları elmə, düşüncəyə, tərəqqiyə çağıran poeziyasının bu gün də öz aktuallığını qoruduğunu qeyd edib.
Millət vəkili həmçinin vurğulayıb ki, Seyid Əzim Şirvani Azərbaycan ədəbi dilinin formalaşmasına mühüm təsir göstərən klassiklərdən biridir. Onun bədii üslubu, dil zənginliyi və poetik dünyagörüşü yeni dövrün ideyalarını klassik ənənə ilə üzvi şəkildə birləşdirərək milli ədəbiyyatın inkişafına böyük təkan verib.
Elnarə Akimova çıxışının sonunda qeyd edib ki, belə tədbirlər milli ədəbi irsin daha dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır, çünki Seyid Əzimin maarifçi ideyaları bu gün də cəmiyyətimizə işıq tutan dəyərlər sırasındadır.

Mənbə: Azerbaycan.media
