Azərbaycan.media xəbər verir ki, Avropa İttifaqının enerji təhlükəsizliyi gündəliyində vahid enerji bazarı son illərdə tədricən strateji müdafiə alətinə çevrilib. Bu barədə PPC-nin (Rumıniyanın ən böyük enerji şirkəti) İnstitusional Əlaqələr üzrə meneceri, enerji məsələləri üzrə ekspert Luçian Mirçesku geniş təhlilində yazıb.
Ekspert bildirir ki, Aİ-nin elektrik və qaz bazarlarının inteqrasiyası artıq yalnız iqtisadi mexanizm deyil, eyni zamanda geosiyasi təhlükəsizlik sistemidir. Bu mexanizm Avropanın enerji sabitliyini qoruyan “görünməyən müdafiə qalxanı” kimi çıxış edir və qitəni kəskin təchizat şoklarından müdafiə edir.
Luçian Mirçeskunun fikrincə, vahid enerji bazarı Avropa ölkələrinə enerji axınlarını koordinasiyalı şəkildə idarə etməyə, təchizat risklərini bölüşdürməyə və qiymət təzyiqlərini azaltmağa şərait yaradır. O vurğulayır ki, əgər Aİ enerji sahəsində əvvəlki kimi parçalanmış vəziyyətdə olsaydı, Rusiya-Ukrayna münaqişəsindən sonra yaranan enerji böhranı Avropa üçün daha dağıdıcı nəticələr verə bilərdi. Məhz vahid bazar bu mərhələdə öz real gücünü göstərərək qitənin kollektiv enerji müdafiə sisteminə çevrildi.
Analitik qeyd edir ki, Rusiyadan enerji asılılığının azaldılması Aİ üçün həm iqtisadi, həm də strateji zərurətə çevrilib. Bu fonda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi xüsusi önəm qazanır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Xəzər qazının Avropaya nəqli Aİ-nin diversifikasiya strategiyasının əsas elementidir. Vahid bazarın tətbiqi isə Azərbaycan qazının Avropa sisteminə inteqrasiyasını daha səmərəli və şəffaf edir.
Mirçescu yazır ki, Azərbaycanın enerji resursları artıq Avropanın təchizat təhlükəsizliyinin kritik hissəsinə çevrilib və Bakı–Brüssel enerji tərəfdaşlığı həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik aspektlərində strateji səviyyəyə yüksəlib.
O həmçinin qeyd edir ki, vahid enerji bazarı Aİ daxilində infrastrukturun modernləşdirilməsini və əlaqələrin möhkəmləndirilməsini sürətləndirir. Elektrik ötürücü xətlərin yenilənməsi, fövqəladə ehtiyatların birgə idarə olunması və şəbəkələrin sinxronlaşdırılması Avropanı 27 ayrı bazardan ibarət sistemdən vahid enerji məkanına çevirir. Bu isə qitəni enerji şoklarına qarşı daha dayanıqlı edir.
Ekspertin qənaətinə görə, enerji böhranı dövründə Aİ məhz vahid bazar mexanizminin hesabına dayanıqlığını qoruyub və bu mexanizm gələcək enerji təhlükəsizliyinin əsasını formalaşdıracaq. Azərbaycan kimi etibarlı tərəfdaşlarla əməkdaşlıq isə bu müdafiə xəttinin gücünü daha da artırır.
Beləliklə, ekspertin vurğuladığı kimi, Azərbaycan Aİ üçün tamamlayıcı tərəfdaşdan strateji tərəfdaşa çevrilməkdədir. Avropanın enerji sabitliyi və rəqabətqabiliyyətliliyi vahid bazarın davamlılığı ilə bağlıdırsa, bu davamlılıq da mühüm dərəcədə Azərbaycan kimi etibarlı tədarükçülərin rolundan asılıdır.
