🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türk Dövlətləri üçün vahid media məkanının yaradılması zərurəti vurğulandı

Azərbaycan.media xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov türk dövlətləri arasında vahid media məkanının formalaşdırılmasının vacibliyini qeyd edib.

O bildirib ki, belə bir sistem təşkilatın milli informasiya təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verəcək: “Fikir mübadiləsi aparmaqla burada mühüm qərarlar qəbul edə biləcəyik. Bu gün TDT-yə üzv ölkələr müxtəlif sahələrdə əhəmiyyətli nəticələr əldə ediblər. İnformasiya sahəsində əməkdaşlıq da son dərəcə vacibdir. Bu, qarşılıqlı məlumat axınlarının yaradılması və səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Sosial şəbəkələr bəzən reallıqdan uzaq məlumatlar yaya bilir. Buna görə də xalqlarımız və ölkələrimiz arasında etimadın möhkəmləndirilməsi əsas məsələlərdən biridir”.

Maksat Mamıtkanov həmçinin vurğulayıb ki, vahid media sistemi bu kimi problemlər və informasiya təhdidlərindən qorunmağa imkan verə bilər.