Azərbaycan.media xəbər verir ki, Ağcabədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı böyük miqdarda narkotik vasitə aşkar edilib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupu yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.
Aparılan istintaqla A.Məmmədovun narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
