Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq çərçivəsində nümayəndə heyəti Bakıda görüşlər keçirib

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri ölkəmizə səfər ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqların iştirakı ilə Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində işçi görüş keçirilib. Görüşdə qeyd olunub ki, Azərbaycan və BƏƏ arasında bütün sahələrdə olduğu kimi, hərbi əlaqələr də yüksələn xətlə inkişaf edir. Həmçinin təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində qonaqlara 44 günlük Vətən müharibəsi, bölgədəki mövcud vəziyyət və digər mövzularla bağlı ətraflı brifinq təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı hədiyyələr təqdim olunub.