Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda “Matanat-A” şirkətinin “AZWOOL” mineral daş yunu zavodunun açılış mərasimində iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Matanat-A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti və istehsal imkanları barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, “Matanat-A” şirkəti 2000-ci ildən inşaat materialları istehsalı sahəsində fəaliyyət göstərir və tərkibinə “Matanat-A” Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsullar, AZERLİME Əhəng, avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində hazırda təxminən 1000 iş yeri yaradılıb.
“AZWOOL” zavodu 10 hektar ərazidə yerləşir və ABŞ, Almaniya və Türkiyədən gətirilmiş müasir avadanlıqlarla təchiz olunub. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur, məhsullar əsasən yerli xammaldan hazırlanır. Zavodun investisiya dəyəri 43 milyon manat təşkil edir, layihənin reallaşdırılması üçün Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan əlavə, investisiya təşviqi sənədi çərçivəsində texnika və avadanlıqların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə olunub. Müəssisədə 180 yeni iş yeri yaradılıb.
Hazırlanan mineral daş yunu ekoloji cəhətdən təmizdir, istilik və səs izolyasiyasını təmin edir və enerjiyə qənaət imkanı yaradır. Zavod yerli tələbatı ödəməklə yanaşı, Gürcüstan, MDB və Yaxın Şərq ölkələrinə də məhsul ixrac edəcək.
Prezident İlham Əliyev həmçinin “Matanat-A”nın digər müəssisələrində istehsal olunan məhsullarla tanış olub. Bildirilib ki, şirkətin zavodlarında 200-dən çox ticarət markası altında 3 mindən çox çeşiddə məhsul istehsal edilir və bu məhsullar həm daxili bazarda, həm də Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.
Dövlətimizin başçısı zavodu rəsmi olaraq işə salıb. Qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi məqsədilə yaradılan yeni müəssisələr ölkədə məşğulluğun artırılmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə verir.
