Azərbaycan.media xəbər verir ki, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı yeni layihə həyata keçiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri 3 hərəkət zolağından 2 hərəkət zolağına keçməli olur ki, bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.
Yeni layihəyə əsasən, Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə artırılacaq. Əks istiqamətdə isə zolaqların sayı dəyişməyəcək.
Layihənin icrası ilə darboğaz effekti aradan qaldırılacaq və nəqliyyat vasitələrinin hərəkəti daha rahat təmin ediləcək.
Dəyişiklik barədə videoçarxda tanış olmaq mümkündür.
