Azərbaycan.media xəbər verir ki, noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında Şəhər Günü çərçivəsində geniş tədbirlər keçirilib. Tədbirdə Mədəniyyət naziri Adil Kərimli, Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri iştirak ediblər.
Bayram çərçivəsində müxtəlif sərgilər təşkil olunub. Azərbaycan Fotoqraflar Birliyinin “Kəlbəcər – obyektivdən tarixə” sərgisində 44 foto nümayiş olunub və bu fotolar 44 günlük Vətən müharibəsini simvolizə edir. Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” sərgisində isə bölgənin qədim etnoqrafik xüsusiyyətlərini əks etdirən nadir Kəlbəcər xalça nümunələri və köçəri həyat tərzini göstərən alaçıq interyer nümayiş olunub. “Kəlbəcərin palitrası – rəsmlərdən boylanan zənginlik” sərgisində isə yerli rəssamların Kəlbəcərə səfərləri zamanı yaradılmış əl işləri təqdim edilib.
Bayram konserti Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Dövlət Rəqs Ansamblının V.Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə açdığı konsert proqramında Xalq artisti Mələkxanım Eyyubova, Əməkdar artistlər Babək Niftəliyev və Mehdi Niftəliyev, tarzən Şəhriyar İmanov və digər solistlər ifaçı kimi çıxış ediblər. Konsertdə aşıq sənətinə də geniş yer verilib, tanınmış aşıqlar saz havaları ilə tamaşaçıları coşdurublar. Dövlət Rəqs Ansamblı müxtəlif rəqslər, Uşaq Musiqi Məktəbinin şagirdləri isə “Dəşti” təsnifini ifa ediblər.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb və şəhərdə coşkulu bayram atmosferi yaradılıb.

