Azərbaycan.media xəbər verir ki, Vergi Məcəlləsinə növbəti dəyişikliklər paketi artıq Milli Məclisin müzakirəsindədir. Təklif olunan dəyişikliklərdən biri benzin, dizel və maye qaz üzrə yol vergilərinin tənzimlənməsinə aiddir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov APA-ya açıqlamasında bildirib ki, mövcud qaydaya əsasən, yanacağa görə müəyyən edilən 0,02 manat məbləğində icbari tibbi sığorta haqqı İcbari Tibbi Sığorta Fonduna ödənilir.
Təklif edilən dəyişikliklə isə bu məbləğin Fondun payına düşən hissəsi ləğv ediləcək və yol vergisinə əlavə olunaraq birbaşa dövlət büdcəsinə yönləndiriləcək. İmanov qeyd edib ki, bu dəyişiklik yanacağın qiymətinə təsir göstərməyəcək, yalnız yığılan vəsaitin büdcədə paylanma qaydasını dəyişdirəcək.
